Bu gün:

Gənc jurnalistlərin çətinliyi


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Sonxeber.az və Big.az-ın baş redaktoru Aysel Yusifqızıdır. 

-Tez-tez gənc jurnalistlər ilə işləyir, işə götürürsünüz. Sizcə, bu gün Azərbaycanda olan gənc jurnalistlərin əsas çətinliyi nə ilə bağlıdır və özlərində nəyi inkişaf etdirməklərinə ehtiyac var?

- Bu gün gənc jurnalistlərin əsas problemi iş tapmaqdır. Bilirsiniz ki, bir çox mətbuat orqanları təcrübə istəyir. Yaxşı olardı ki, gənclərimiz universitetdə oxuyarkən o təcrübəni toplasınlar. Hər birimiz yaxşı bilirik ki, parta arxasında biz ancaq nəzəri bilikləri öyrənirik. Nəzərə biliklərlə birlikdə praktiki təcrübə də önəmlidir. Təəssüf ki, bəzi gənclərimizdə tənbəllik də var. Düşünürəm ki, peşəkar jurnalist olmaq üçün gənclərimiz birinci kursdan başlayaraq  öz üzərində işləməlidir. Bununla yanaşı, yaxşı olardı ki, gənclər  məsuliyyət hissini dərk etsinlər. İlk olaraq özləri üçün müəyyən etməlidirlər ki, seçdikləri ixtisasda özlərini görürlərmi? Bilirsiniz ki, bu gün gənclərin bir çoxu təhsil aldığı ixtisas üzrə deyil, fərqli sahədə çalışırlar. Həmçinin rəqabət hissinin olması da mütləqdir. Rəqabət aparmayan insan heç vaxt arzuladığı mərtəbəyə ucala bilmir. Ən önəmlisi isə ixtisas seçiminə pul gözündə baxılmamalıdır. İşini sevməli və özünü burada görməlidir. Əgər sadaladığım hər üç şeyə diqqət etsələr, inanıram ki, gənclər iş həyatında uğur tapacaqlar. Bu gün mən özüm də yeni şeylər öyrənirəm. Bizim hər birimizin borcudur ki, işləməyə yeni başlayan gənc jurnalistlərə dəstək olaq və doğru istiqamətə yönəldək. Bu formada biz həm də ölkəmizdə peşəkar jurnalistlərin artmasına da yardım edə bilərik. 

Aytən Babaşova

Paylaş
Şərh əlavə et