Səyahət insanın ruhunu zənginləşdirən, düşüncələrini genişləndirən bir macəradır. Hər yeni şəhər, hər yeni ölkə bizə fərqli bir hekayə danışır, fərqli bir mədəniyyətin qapısını açır. Bugünkü müsahibəmizdə biz səyahətə, onun yaratdığı duyğulara, öyrətdiyi dərslərə və həyatımızı necə dəyişə biləcəyinə toxunacağıq.
Qonağımız isə bu mövzuda böyük təcrübəyə malik olan, səyahətin yalnız bir istirahət deyil, həyatın ayrılmaz bir hissəsi olduğuna inanan danimarkalı səyyah, macəraçı və natiq Thor Pedersendir. O, “Once Upon A Saga” adlı layihəsi çərçivəsində dünyadakı hər bir ölkəni təyyarəsiz ziyarət edən ilk şəxs kimi tanınır. Bu səyahətə 10 oktyabr 2013-cü ildə başlayıb və 23 may 2023-cü ildə Maldiv adalarına çatmaqla uğurla başa çatdırıb.

-Çox insan sizdən ilham alır və səyahətin nə qədər möhtəşəm və həyəcanlı olduğunu bilirik. Geniş səyahət təcrübəsinə malik biri kimi sizin fikriniz önəmlidir. Sizcə, yalnız səyahət etmək, həqiqətən, xoşbəxt olmaq üçün kifayət edirmi?
“Bu, həqiqətən də gözəl bir sualdır. Mənim fikrimcə, tək səyahət etmək yeni insanlarla tanış olmaq üçün möhtəşəm bir fürsətdir. Tək olduğunuz zaman daha həssas olursunuz və tanımadığınız insanlara yaxınlaşmağa daha açıq olursunuz. Bu da yeni əlaqələr qurmağa gətirib çıxarır və həmin qarşılıqlı təsirlərdən maraqlı hekayələr yaranır. Bundan əlavə, tək səyahət etmək insanı çox çevik edir. Heç kimi gözləməyə ehtiyac qalmır, qərarlar sürətlə qəbul edilir və gündəlik planlar tamamilə sizin iradənizə bağlı olur.
Lakin tək səyahət bəzən tənha hiss etdirə bilər, xüsusilə uzunmüddətli səyahətlərdə. Bəli, ətrafınızda çoxlu insan ola bilər və tamamilə tək qalmaq nadir hallarda baş verir, amma bir səyahət yoldaşı ilə paylaşdığınız təcrübələrin dəyəri danılmazdır. Bu cür paylaşma anlarını təkbaşına səyahətdə tam olaraq yaşamaq mümkün olmur.
Beləliklə, tək səyahət xoşbəxtlik gətirə bilərmi? Bu, insandan asılıdır. Bəziləri tənhalıqda azadlıq və xoşbəxtlik tapır, digərləri isə bu xoşbəxtliyi paylaşmağı üstün tutur. Mən Christopher McCandless-in məşhur sitatını xatırlatmağı sevirəm: ‘Xoşbəxtlik yalnız paylaşılarkən gerçək olur.’ Bu fikir mənim üçün çox şey ifadə edir.”
-Səyahət etmək arzunuz necə yarandı və bu zaman hər hansı bir qorxu və ya narahatlıq var idimi?
“Səyahət etmək arzumun kökləri, yəqin ki, anamla keçirdiyim uşaqlıq anlarına dayanır. O, məni tez-tez meşəyə aparar, göbələk axtararkən mənə hekayələr danışardı. Anamın “Robin Qud”, “İvanhoe” və “Cəngəllik kitabı” kimi hekayələri danışması mənim təsəvvürümü genişləndirdi. Bir gün birlikdə dünyanı gəzəcəyimizə dair mənə verdiyi söz isə bu arzunu daha da gücləndirdi.
İllər ötdükcə, səyahət etmək arzumu reallaşdırmaq üçün fərqli yollar axtardım. BMT-nin sülhməramlı missiyalarında iştirak etmək mənim üçün bir başlanğıc nöqtəsi oldu. Beləliklə, Eritreya və Efiopiyada yeddi aylıq bir missiyada iştirak etməklə bu xəyala ilk addımımı atdım. Daha sonra gəmiçilik və logistika sahəsində korporativ dünyaya qoşuldum, bu da mənə dünyanın bir çox ölkəsində işləmək və yaşamaq fürsəti verdi.
Dünyanın bütün ölkələrini uçuşsuz ziyarət etmək fikri məni qorxutmurdu. Bəli, təhlükələrin ola biləcəyini bilirdim, amma onlarla necə başa çıxacağımı və hər şeyin yaxşı olacağına inandım. İndi geriyə baxanda, evdən çıxmazdan əvvəl bəzi məqamlarda sadəlövhlük etdiyimi qəbul edirəm. Yolda müəyyən təhlükələrlə qarşılaşsam da, səyahətimi uğurla başa vuraraq sağlam şəkildə evə qayıtmağı bacardım.”

-Səyahətə başlamazdan əvvəl həyatınız necə idi? Hazırda iş üçün səyahət edirsiniz, yoxsa karyeranızı səyahət edərkən qurmusunuz?
“Dünyanın hər bir ölkəsini uçuşsuz ziyarət etmək üçün Danimarkanı tərk etməzdən əvvəl gəmiçilik və logistika sahəsində on iki illik karyeram var idi. Ondan əvvəl isə üç il hərbi xidmətdə olmuşam. 1990-cı illərdə biznes məktəbində təhsil alaraq dərəcəmi əldə etmişəm. “Once Upon A Saga” layihəsindən əvvəlki həyatım çox beynəlxalq xarakter daşıyırdı. Karyeramın son illərində bir layihədən digərinə keçərək Liviya, Banqladeş, Qazaxıstan, Azərbaycan, Qrenlandiya, İsveç və digər ölkələrdə işləmişdim. Dostlarım və ailəm mənim davamlı səfərlərimə artıq öyrəşmişdi.
Bu gün isə həyatım tamamilə dəyişib. Əsas gəlirimi çıxışlardan qazanıram. 2025-ci ildə səyahətim haqqında kitabım və sənədli filmim işıq üzü görəcək. Hər ikisi “The Impossible Journey” adlanır. İndi həyat yoldaşım və qızımla birlikdə Danimarkada yaşayıram və bu yeni mərhələdən zövq alıram.”

-Sizin Azərbaycana səyahət etdiyinizi gördüm. Bu səyahət haqqında fikirləriniz nədir və sizdə hansı təəssüratlar yaratdı?
“Azərbaycan mənim üçün həm unudulmaz xatirələrlə dolu bir ölkə, həm də mədəni zənginliyi ilə valehedici bir yerdir. On beş il əvvəl Bakıda qısa müddət işləmək fürsətim olmuşdu. O vaxt şəhər dinamikliyi ilə məni heyrətləndirmişdi. 2018-ci ildə isə tamamilə fərqli bir perspektivdən, uzun bir səyahətin bir hissəsi olaraq ora qayıtmaq olduqca maraqlı idi.
Azərbaycanın ən çox diqqətimi çəkən cəhəti insanlarının qonaqpərvərliyi oldu. Xüsusilə, bir dəfə avtobus dolusu yerli sakinlərlə kəndə birgünlük səyahət xatirəsi mənim üçün çox özəldir. Həmin gün gözəl bir piknik məkanında ənənəvi yeməklərin dadına baxdıq, yerli musiqi sədaları altında rəqs etdik. Bu cür anlar Azərbaycanın mədəniyyətinin nə qədər zəngin və insanlarının nə qədər mehriban olduğunu bir daha təsdiqlədi.
Bakının sürətli inkişafı da məni valeh etdi. Cəmi bir neçə il ərzində şəhər tamamilə dəyişmiş, müasir və eyni zamanda öz tarixi ruhunu qoruyan bir yerə çevrilmişdi. Azərbaycan mənim üçün həm təbii gözəllikləri, həm də unikal mədəni irsi ilə unudulmaz bir səyahət təcrübəsi oldu.”
Sona Osmanova
