Bu gün:

Qəhrəmanlıq və əbədiyyət: göylərdə son uçuş


Könlümdə min istək, min arzu vardı,

Elə bilirdim ki, ömrüm bahardı,

Demə ki qarşıda qar-qışı vardı,

Qış işini görüb məndən xəbərsiz,

Ömür ötüb gedib məndən xəbərsiz.  

                                                   Sədi Yaradanqulu

İnsan həyatı küləkdə uçuşan bir yarpağın taleyi qədər kövrəkdir. Amma bir araya gəlib çiyin-çiyinə dayandığımız zaman bu kövrəklik bizi məğlub etməz – güclü bir qüvvəyə çevirər. Dekabrın 25-də baş verən faciə bir daha göstərdi ki, həyatın dəyəri onun qeyri-müəyyənliyində gizlidir. Hər anı dolu-dolu yaşamaq, bir-birimizə sevgi və dəstək olmaq bu fani həyatın bizə verdiyi ən böyük dərsdir.

O gün təyyarəyə minən sərnişinlər və ekipaj üzvləri üçün adi bir uçuş idi. Amma heç kim bilmirdi ki, həmin uçuş onların sonu olacaq. Həyatlarının son anlarına doğru gedərkən heç biri bu qədər yaxın təhlükəni hiss etmirdi. Axı kim bilərdi ki, onların arzuları və ümidləri o gün bitəcək? Kim düşünə bilərdi ki, sevdikləri ilə edilən son qucaqlaşma əbədi vidaya çevriləcək?

Ekipaj üzvləri – təcrübəli və öz işlərinə ürəkdən bağlı qəhrəmanlar – təyyarədəki sərnişinləri qorumaq üçün həyatlarının ən çətin sınağı ilə qarşılaşdılar. Təyyarənin mühərriki zəiflədikcə hər saniyə bir ömür qədər uzandı. Sərnişinlər qorxu içində dua edərkən, pilot və stüardessalar ürəklərindəki hər zərrə cəsarəti səfərbər etdilər.

Pilot minlərlə saatlıq uçuş təcrübəsinə baxmayaraq, təyyarəni tamamilə nəzarətdə saxlaya bilməyəcəyini hiss etdi. Amma son ana qədər mübarizəni buraxmadı. Onun hər bir hərəkəti sərnişinlərin həyatını qorumaq üçün idi. Öz canını fəda edərək təyyarəni az itki ilə yerə endirmək üçün var gücü ilə çalışdı. Təyyarə göydən alovlar içində enərkən, pilotun qəhrəmanlığı bütün sərnişinlər üçün həyatın ən böyük dərsinə çevrildi: başqalarını yaşatmaq üçün özünü fəda etməkdən daha böyük qəhrəmanlıq yoxdur.

Stüardessa Hökümə Əliyeva da bu qəhrəmanlıq hekayəsinin əsas simalarından biri idi. Təyyarənin içindəki qorxu havasını dağıtmaq üçün mikrofonu götürdü, səsini sərnişinlərə çatdırmağa çalışdı:

“Hörmətli sərnişinlər, təlimatlara uyğun hərəkət edin. Kəmərlərinizi bağlayın. Hər şey yaxşı olacaq.”

Amma səsi titrəyirdi. Çünki bilirdi ki, hər şey yaxşı olmayacaq. Lakin sərnişinlərə ümid vermək, onları sakitləşdirmək onun borcu idi. O, bu borcunu son nəfəsinə qədər yerinə yetirdi.

Təyyarə yerə çırpılarkən göy üzündə bir sükut çökdü. Bu sükut yalnız qəzanın yox, bir qəhrəmanlıq dastanının başa çatmasını bəyan etdi. Pilot və ekipaj üzvləri – Kşnyakin İqor, Kalyaninov Aleksandr, Hökümə Əliyeva – bir millətin ürəyində əbədi olaraq yer aldılar. Onlar sıradan bir işçi deyil, canını milləti, sərnişinləri və insanlığı qorumaq üçün fəda edən qəhrəmanlara çevrildilər.

Bu qəhrəmanlar heç vaxt ölməyəcək. Onların adı və ruhu göylərdə əbədi olaraq yaşayacaq. 

Allahdan həlak olanlara rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Qoy, bu qəhrəmanların ruhu rahatlıq tapsın və onların parlaq izləri millətimizin yaddaşından heç vaxt silinməsin. Onların cəsarəti, sevgisi və fədakarlığı bizim üçün unudulmaz bir dərs kimi yaddaşlarda həkk olunsun.


Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et