Bu gün:

Aytən Oqtayqızı: “Musiqi zənginliyimiz dünyaya açılan bir qapıdır”


24Media.az-ın növbəti müsahibi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtayqızıdır. Müsahibə zamanı o, ənənəvi və müasir musiqi arasındakı fərqlər, Azərbaycan musiqisinin dünya musiqisinə təsiri və müxtəlif mədəniyyətlərin musiqi ənənələri haqqında fikirlərini bölüşüb.

   -Sizcə, ənənəvi musiqi ilə müasir musiqi arasındakı əsas fərqlər hansılardır?

Ənənəvi musiqi Azərbaycan xalq musiqisi ənənələrinə əsaslanan musiqidir, yəni şifahi formada dildən-dilə keçərək xalq tərəfindən yaradılmışdır. Buna görə də ənənəvi musiqinin müəllifi bilinmir. Lakin bəstəkar musiqisində müəllif mövcuddur. Eyni zamanda şifahi ənənəvi musiqi özlüyündə peşəkar və xalq musiqisinə ayrılır. Xalq musiqisinə rəqs və mahnılar daxildir. Şifahi ənənəvi musiqiyə isə muğam və aşıq sənəti aiddir. Təbii ki, bu musiqi əsərləri dildən-dilə ötürüldüyünə görə yazılı formaları yox idi. Üzeyir Hacıbəylinin dövründə bu istiqamətdə mühüm işlər aparılırdı və xüsusi kabinet açılmışdı. Bəstəkarlar üçün rayonlara, ucqar kəndlərə ekspedisiyalar təşkil olunurdu və onlar yaşlı nəsildən musiqi nümunələri toplayırdılar, daha sonra onları nota köçürürdülər. Qədim mahnılar, rəqslər, el havaları nota salınaraq, kitab şəklində nəşr olunmuşdur. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tofiq Quliyev, Bülbül, Asəf Zeynallı və digər bəstəkarların məqsədi xalq musiqisini yaşatmaq idi. Məsələn, Tofiq Quliyev tərəfindən muğamların nota köçürülməsi bu janrın yazılı formada əks olunmasının təcəssümü idi.

Müasir musiqiyə gəldikdə isə həm janr, həm intonasiya, həm obraz baxımından bu musiqi daha çox indiki dövrə uyğundur. XXI əsrin musiqisi mürəkkəb texnologiyalarla sıx bağlıdır və daim inkişaf edir. Burada texno-musiqi, yəni kompüter musiqisi, hazırlanmış alətlər üçün yazılmış musiqini misal göstərmək olar. Lakin buna baxmayaraq, zəmanəmizdə klassik üslubda yazılmış əsərlər də az deyil. Mən daha çox önəmi melodiyaya verirəm, çünki musiqinin özəyi melodiya olmalıdır, əsərin yadda qalan melodik xətti olmalıdır. Müasir əsərlərdə biz bunu çox az müşahidə edirik. Düşünürəm ki, musiqinin qavranılması və hafizədə qalması üçün aydın melodiyası mütləqdir.


   -Azərbaycan musiqisinin dünya musiqisinə təsiri barədə nə deyə bilərsiniz?

Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli Şərq və Qərb musiqisinin vəhdətindən ilk muğam operalarını yaradıb. O, Avropa ənənələrini milli dəyərlərimizlə sintezləşdirərək çox sayda nümunəvi əsərlər müəllifi olmuşdur. Bu amil dünya musiqisinin bizim mədəniyyətimizə təsirinin bariz nümunəsidir. Beləliklə, xarici musiqi mədəniyyəti əsrlər boyu inkişaf edərək, Azərbaycan musiqi mədəniyyəti isə qısa zaman kəsiyində buna nail olmuşdur. Nəticədə bir sıra əhəmiyyətli əsərlər musiqi tariximizi zənginləşdirməyə müvəffəq olmuşdur.

Dünya səviyyəsində tanınmış pianoçu və bəstəkar Vaqif Mustafazadə caz və muğamın sintezini yaratmışdır. Bu, həm milli dəyərimiz olan muğamı dünyaya tanıtmış, həm də muğam və cazın vəhdətini Avropa dinləyicisinə uyğunlaşdırmış şəkildə əsərlərin ərsəyə gəlməsinə zəmin yaratmış oldu.

Görkəmli bəstəkarımız Fikrət Əmirov klassik Avropa janrı olan simfoniya ilə muğamı sintez etmişdir. Bu vəhdət yeni bir janrın bünövrəsini qoymuşdur. Janrın adı isə “Simfonik muğam” adlandırılmışdır.

Tanınmış xanəndə Alim Qasımov özünəməxsus ifası ilə muğamı dünya səviyyəsinə çatdırmışdır. Əlbəttə ki, bu siyahını çox davam etmək olar…


   -Müxtəlif mədəniyyətlərin musiqi ənənələrini necə müqayisə edərdiniz?

Hər bir xalqın öz mədəniyyəti, musiqi ənənələri, özünəməxsus cizgiləri var. Musiqi melodikliyində, quruluşunda, obraz seçimində də fərdi cəhətlər mövcuddur. Bizim də öz musiqimiz özümüzə xasdır. Hətta Azərbaycanın hər bölgəsinin belə öz intonasiyaları olan musiqi nümunələri, mahnı və rəqsləri, oyun havaları var. Məsələn, milli məqamları araşdırsaq, hər birinin quruluşu, intonasiyası, xarakteri fərqlidir. Ümumilikdə, Azərbaycan mədəniyyəti çox zəngindir. Burada həm janr baxımından rəngarənglik, çoxşaxəlilik var, həm də intonasiya cəhətdən müxtəliflik nəzərə çarpır. Xalqımızın zənginliyi mədəniyyətin bütün istiqamətlərində özünü büruzə verir.


Aynur Mikayılova

Paylaş
Şərh əlavə et