24media.az-ın budəfəki qonağı psixoloq Aliyə Cavadovadır. O, psixosomatik xəstəliklərdən danışıb.
-Psixosomatikanın əsas mahiyyəti nədir?

Psixosomatika bədənlə ruhun əlaqəsidir. Psixo-ruh, somatika-bədən deməkdir. İfadə edə bilmədiyimiz duyğularımızın, yaşadığımız hisslərin bədənimizdə əks olunma halına psixosomatika deyilir. Bir çox hallarda öz duyğu və düşüncələrimizi sözlə ifadə edə bilmirik. Bunun başlıca səbəbi başqaları tərəfindən qınaq obyektinə çevrilməyimizdir. Bu halda duyğularımız bədəndə əks olunur və fikirlərimizi bədənimiz ifadə etməyə başlayır.
Bütün hisslərin bədənimizdə qarşılığı var. Bu da, əsasən, özünü müxtəlif xəstəliklər şəklində göstərir. Məsələn, qorxuruqsa, o an dərhal təngnəfəslik, titrəmə kimi simptomlar özünü göstərir. Bir müddət sonra bədən artıq bunlara dözə bilmir. Bizim beynimiz bədənimizə, bədənimizdə beynimizə təsir edir.
Psixosomatikaya aid nümünələr çoxdur. Bunlardan biri də ABŞ psixoloqu Con Voston və köməkçisi Rozi Reynerlə balaca Albert üzərində aparılan təcrübədir. Təcrübənin əsasməqsədi qorxunun anadangəlmə, yoxsa sonradan qazanılmış olan refleks olub-olmadığını yoxlamaqdır. Təcrübə zamanı uşaq müxtəlif yollarla qorxdulur və daha sonra ailəsinə verilir. Uşaq 6 yaşında vəfat edir. Burdan da görürük ki, uşaqda yaranmış mənfi hisslər hər hansı bir xəstəliyə çevrilib.
- Stressin psixosomatik xəstəliklərdə rolu nə qədər önəmlidir?
Stress psixosomatik xəstəliklərin yaranmasında mühüm rol oynayır. Həkimlərin xərçəng xəstələrinə ilk tövsiyəsi tez-tez belə olur: "Stressdən, mənfi fikirlərdən, ətrafınızdakı neqativ insanlardan və söhbətlərdən uzaq durun". Bu, təsadüfi deyil, çünki stress birbaşa bədənə təsir edir.
Biz hər hansı bir qorxu və ya narahatlıq yaşadıqda boğazımızda düyünlənmə hiss edə bilərik. Bu, bədənin bizə verdiyi “kömək et” siqnalıdır. Belə vəziyyətdə bədənin bütün orqanları səfərbər olur və müəyyən bir problemin həllinə yönəlir. Lakin bu hal uzun müddət davam etdikdə, bədən bu vəziyyətə uyğunlaşmaqda çətinlik çəkməyə başlayır və nəticədə orqanlara ziyan vurur.
Baş ağrıları da stressin nəticələrindən biridir. Bəzən bu ağrılar dözülməz həddə çatır və davamlı ağrıkəsicilər qəbul etmək zərurəti yaranır ki, bu da digər orqanlara mənfi təsir göstərə bilər.
Stressin bədənə təsiri çox genişdir. O, immun sistemini zəiflədir, bədənin müqavimətini azaldır və nəticədə müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.
- Psixosomatik xəstəliklərin diaqnoz və müalicəsində əsas çətinliklər hansılardır?
Psixosomatikanın diaqnozu qoyulması ən çətin diaqnozlardan biridir. Çünki xəstəlik beyində başlayır, bədəndə fiziki simptomlarla davam edir. Fiziki simptomlarla bədənin bunu ifadə etməsi daha asandır. Çünki biz fiziki simptomlarımızı dedikdə başqaları tərəfindən daha asan qəbul olunur. Məsələn, qarşımızdakı insana "mən depressiyadayam, anksiyetəm var, ya da panik ataq keçirirəm" dedikdə bunu qarşı tərəfə qəbul etdirmək daha çətin olur. Amma bu simptomlar ürəkbulanma, şiddətli ağrı və ya tutmalara keçəndə ətrafımızdakılar daha çox narahat olurlar. Ona görə də belə hallarda diaqnoz qoyularkən yaxşı olar ki, psixiatra müraciət edilsin. Psixiatr bu cür simptomları nəzərə alaraq diaqnozu daha tez təyin edə bilir.
Bəzən insanlar terapevtə və ya digər həkimlərə getdikdə müəyyən vaxt itirirlər. Bu isə onların ruh halını daha da yaralaya bilər və problemin dərinləşməsinə səbəb ola bilər. Psixosomatikanın müalicəsində isə biz çalışmalıyıq ki, bədən fiziki cəhətdən zərər çəkirsə, müalicə kompleks şəkildə həyata keçirilsin. Yəni terapevt və mütəxəssis həkim müayinəsi ilə yanaşı, bu sahədə ixtisaslaşmış psixoloqla da iş birliyi aparılmalıdır.
Psixoloji müdaxilələrə qrup terapiyaları da daxildir. Məsələn, xərçəng xəstələrində qrup terapiyaları daha effektiv nəticə verir. Çünki qrupda eyni problemlərdən əziyyət çəkən insanlar bir araya gəlir və bu vəziyyətin xəstəlik olmadığını qəbul etməyə başlayırlar. Onlar problemin mənbəyini anlayır və bu yanaşma ilə işləmək daha effektiv olur. Həmçinin bədənə yönəlik yoga məşqləri, nəfəs tapşırıqları da psixosomatik xəstəliklərdə təsirli ola bilər. Təbii ki, bəzən psixotrop dərmanlar, məsələn, antidepressantların istifadəsi də məsləhət görülə bilər.
Xəstənin müalicəsində xəstə-həkim münasibətinin etibarlı olması çox vacibdir. “Səndə heç bir şey yoxdur, bütün problemlərin ağlındadır” yanaşması tamamilə səhvdir. Xəstənin xəstəliklərinin reallığı qəbul edilməli, konkret və dəqiq müalicə gözləntilərinə girilməməlidir. Tez sağalma və ya tamamilə düzəlmə gözləntisi olmamalıdır.
Psixoloq-pasient münasibətləri çox yaxşı təşkil edilməlidir ki, xəstəni ruhlandıra və ona inandıra biləsiniz. Bu, xəstənin müalicəsinə kömək etməyin əsas şərtidir. Eyni zamanda, həmin şəxsin ətrafındakı insanların da terapiya prosesinə cəlb olunması arzuolunandır. Bu, müalicə prosesinin kompleks şəkildə aparılmasına imkan yaradır.
Adətən, psixosomatik xəstələrin çoxu inanır ki, onların xəstəliyi ən ağır, hətta sonuncu mərhələdədir. Belə şəxsləri bu fikirdən döndərmək çox çətindir. Buna görə də onlara kompleks dəstək göstərmək vacibdir.
Bu mövzu ilə bağlı kiçik bir lətifə var:
Bir gün psixiatrik xəstəxanaya bir xəstə gətirirlər. Həkimlər, psixiatrlar və psixoloqlar onunla işləyir, lakin xəstə yalnız bir şey deyir: “Mən ölüyəm”. O, nə yemək yeyir, nə də başqa bir şeyi qəbul edir, çünki özünü ölü hesab edir. Nə qədər çalışsalar da, onun ölü olmadığına inandıra bilmirlər. Nəhayət, təcrübə üçün belə bir üsula əl atırlar: “Gəlin, bir yerini kəsək və qan çıxsın”. Belə də edirlər. Qan çıxdığını xəstəyə göstərib deyirlər: “Bax, qanayırsan, deməli, ölü deyilsən”. Xəstə isə sakitcə cavab verir: “Ölülər də qanayırmış”. Nə qədər çalışsalar da, onu ölü olmadığına inandıra bilmirlər. Nəticədə, onun həyat funksiyaları get-gedə zəifləyir və xəstə dünyasını dəyişir.
Aminə Paşazadə
