Bu gün:

“Şizofreniya zamanla öz-özünə keçən bir xəstəlik deyil”


24media.az-ın “1 sual 1 cavab” rubrikasının budəfəki müsahibi Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi, ixtisaslaşmış psixoloq Səbinə Bayramovadır. O, şizofreniyadan, şizofrenlərlə dostluqdan danışıb.

-Şizofreniya nədir? Ümumiyyətlə, şizofrenlərlə dostluq etmək olarmı?


İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə hər bir sosial-iqtisadi səviyyədə, hər bir irqdən və hər bir mədəniyyət qrupundan olan insanlarda müşahidə edilə bilən xəstəliklərin ən önəmlilərindən biri də şizofreniyadır. Şizofreniya insanın reallıqla qeyri-reallıq arasındakı fərqi ayırd etməsini çətinləşdirən, normal düşüncə axışını davam etdirməsinə maneə törədən, emosiyalarını idarə etməsini və normal olaraq davranmasını əngəlləyən bir psixi pozuntudur. Şizofreniya halüsinasiyalar, sayıqlamalar və dağınıq düşüncə ilə davranışların bir araya gəlməsi nəticəsində yaranan və gündəlik fəaliyyəti ciddi şəkildə poza bilən bir xəstəlikdir. Bu da fərdin həyatında ciddi çətinliklərə səbəb ola bilər. Şizofreniya xəstələrinin müalicəsi ömür boyu davam etməlidir. Xəstəliyin erkən mərhələlərində başlanılan müalicə ağırlaşmaların qarşısını almağa və simptomları daha effektiv idarə etməyə kömək edə bilər. Bu erkən müdaxilə fərdin uzunmüddətli perspektivdə həyat keyfiyyətini artırmaq üçün mühüm addımlar atmağa imkan verər.
Şizofreniyanın yaranma səbəbləri bir neçə əsas kateqoriyaya bölünə bilər:

1. Bioloji səbəblər–Ən son tədqiqat üsulları göstərir ki, şizofreniya zamanı beyində və ya qanda spesifik dəyişikliklər müşahidə edilmir. Lakin müasir nəzəriyyələrdən biri olan dopamin nəzəriyyəsi, beyində dopamin adlanan maddənin səviyyəsinin artdığını iddia edir. Bu artım şizofreniya xəstələrinin simptomlarını idarə etmək üçün verilən dərmanlar vasitəsilə azaldıla bilər.

2. Genetik səbəblər–Şizofreniyanın irsən keçməsi mümkündür. Əgər valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, övladlarında bu xəstəliyin meydana gəlmə ehtimalı 10-13%-dir. Hər iki valideyn xəstədirsə, bu ehtimal 40%-ə qədər yüksəlir.

3. Digər təsirlər-Tədqiqatlar bəzi infeksiyaların, yüksək stressli vəziyyətlərin və sosial əlaqələrin zəif olmasının şizofreniya xəstəliyinin başlanmasında tətikləyici faktor ola biləcəyini vurğulayır. Müalicə olunmayan şizofreniya fərdin həyatının hər aspektinə təsir edə bilən ciddi problemlərə səbəb ola bilər. Şizofreniya ilə əlaqəli və ya ondan qaynaqlanan ağırlaşmalara: İntihar düşüncələri, intihar cəhdləri və intihar halları, narahatlıq pozuntuları və obsessiv-kompulsiv pozuntu (OKP), depressiya, işə və ya təhsilə davam edə bilməmək, maliyyə çətinlikləri və evsizlik, siqaret, alkoqol və ya digər maddələrdən asılılıq, sosial təcrid, sağlamlıq və tibbi problemlər, nadir hallarda aqressiv davranışlar daxildir. Bu ağırlaşmalar fərdin həyat keyfiyyətini ciddi şəkildə aşağı sala və onun gündəlik fəaliyyətlərini məhdudlaşdıra bilər.

Təəssüf ki, şizofreniyadan tamamilə qorunmaq üçün dəqiq bir yol yoxdur. Lakin müalicə planına sadiq qalmaq, simptomların yenidən ortaya çıxmasının və ya daha da ağırlaşmasının qarşısını ala bilər. Şizofreniya fərdin idrak, davranış və duyğularına təsir edən müxtəlif problemlərlə xarakterizə olunur. Bu xəstəliyin simptomları hər fərddə müxtəlif ola bilər, lakin adətən sayıqlamalar, hallüsinasiyalar və nizamsız düşüncə və ya nitq şəklində özünü göstərir.

Sayıqlamalar: Sayıqlamalar reallığa əsaslanmayan səhv inanclar kimi müəyyən edilir. Fərd zərər görmək və ya təzyiq altında olduğunu, bəzi hərəkət və ya şərhlərin həmişə ona yönəldiyini, qeyri-adi istedad və ya şöhrətə malik olduğunu, başqa bir şəxsin ona aşiq olduğunu və ya böyük fəlakətlərin baş verəcəyini düşünə bilər.

Halüsinasiyalar: Mövcud olmayan şeyləri görmək, eşitmək və ya hiss etmək kimi təzahür edir. Halüsinasiyalar real olmasa da, şizofreniya xəstəsi üçün tamamilə real və təsirli ola bilər. Halüsinasiyalar beş hissdən hər hansı birində müşahidə oluna bilər, lakin ən çox fərqli səsləri eşitmək şəklində baş verir.

Nizamsız düşüncə və nitq: Şizofreniya xəstələri effektiv ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər. Onların verdiyi cavablar suallara qismən və ya tamamilə əlaqəsiz ola bilər. Daha nadir hallarda onların nitqi mənasız və ya uydurma sözlərin birləşməsi kimi görünə bilər.

Mənfi əlamətlər: Bu, fərdin normal fəaliyyət göstərə bilməməsi və ya bu bacarığın azalması ilə xarakterizə olunur. Məsələn, fərd şəxsi gigiyenaya laqeyd yanaşa bilər, göz təması qura bilməz, üz ifadələri dəyişməz və monoton danışaraq emosiyasız ola bilər. Bundan əlavə, fərd gündəlik həyatda maraq itirə, sosial olaraq uzaqlaşa və həzz alma qabiliyyətindən tamamilə məhrum ola bilər.

Şizofreniya simptomları kişilərdə adətən 20-li yaşların əvvəllərindən ortalarına qədər, qadınlarda isə 20-li yaşların sonlarında başlayır. Yeniyetmələrdə və 45 yaşdan yuxarı şəxslərdə bu xəstəliyin diaqnozu nadirdir. Yeniyetmələrdə şizofreniyanın simptomları böyüklərinki ilə oxşardır, lakin xəstəliyi əvvəlcədən aşkar etmək çətin ola bilər. Bunun səbəbi şizofreniyanın erkən əlamətlərinin yeniyetməlikdə tipik inkişaf mərhələsində müşahidə edilən davranışlarla bənzərlik göstərməsidir. Məsələn, dostlardan və ailədən uzaqlaşma, motivasiyanın azalması, məktəbdə zəif performans, əhval dəyişikliyi və yuxu problemləri şizofreniyanın erkən əlamətləri ola bilər. Bütün bunlara əlavə olaraq, narkotik və stimullaşdırıcı maddələrin istifadəsi fərdlərdə şizofreniyaya bənzər əlamət və simptomlar yarada bilər. Bu diaqnoz mütləq bu sahə üzrə ixtisaslaşmış həkim psixiatr tərəfindən qoyulmalıdır. Şizofreniya diaqnozu prosesində ilkin olaraq, digər psixi sağlamlıq pozuntularının olma ehtimalı aradan qaldırılır və simptomların maddə asılılığı, dərman qəbulu və ya tibbi bir vəziyyətə bağlı olub-olmadığı müəyyən edilir. Əlamətlərə səbəb ola biləcək tibbi problemləri aşkar etmək və əlaqəli ağırlaşmaları yoxlamaq üçün fiziki müayinə aparılır. Əlavə olaraq, fərdin və ailəsinin xəstəlik tarixçəsi də araşdırılır. Psixiatrik qiymətləndirmə zamanı şizofreniya üçün diaqnostik meyarlar nəzərə alınır. Şizofreniya xəstələrinin əksəriyyəti ev şəraitində ambulator müalicə ilə uğurla idarə olunur. Bununla belə, bəzi hallarda xəstəliyin əlamətləri çox şiddətli olur, xəstə insanlara və özünə qarşı aqressiv davranış göstərirsə və ya dərmanları qəbul etməkdən tamamilə imtina edirsə, bu zaman, xəstənin xəstəxanada müalicə olunması tibbi göstəriş hesab olunur.

Şizofreniya zamanla öz-özünə keçən bir xəstəlik deyil. Bu vəziyyət ömür boyu davam edən intensiv müalicə tələb edir və fərd bunun fərqində olmasa belə, yaxınlarının dəstəyi ilə idarə olunmalıdır. Normal şərtlərdə şizofreniyanın müalicəsi adətən çoxşaxəli bir komanda tərəfindən həyata keçirilir və psixiatrın rəhbərliyi altında bu komandaya psixoloq, sosial işçi, psixiatriya tibb bacısı və fərdə göstərilən qayğını əlaqələndirən iş meneceri daxil ola bilər. Bu tam komanda yanaşması, xəstəyə kompleks və hərtərəfli dəstək təmin etmək üçün vacibdir və ixtisaslaşmış mərkəzlərdə mövcuddur.

Şizofreniya ilə yaşayan insanlar üçün güclü sosial dəstək şəbəkəsi vacibdir. Dostluq və dəstək onların gündəlik həyatında müsbət təsir göstərə bilər. Şizofreniya ilə yaşayan insanlarla dost olmaq, onların həyatına dəyər qata bilər:

1. Emosional dəstək–Şizofreniya xəstələri dostların emosional dəstəyinə və anlayışına ehtiyac duyurlar. Dostluq, onların tənha və təcrid olunmuş hiss etməmələrinə kömək edə bilər.

2. Motivasiya–Dostların müsbət təsiri şizofreniya xəstələrinin müalicə planına sadiq qalmasına və sağlam həyat tərzi sürməsinə motivasiya edə bilər.

3. Sosial bacarıqların inkişafı–Dostluq şizofreniya xəstələrinin sosial bacarıqlarını inkişaf etdirməsinə və cəmiyyətə daha yaxşı inteqrasiya olmasına kömək edə bilər.

4. İş aktivliyi–Dostlarla birgə zaman keçirmək onların daha aktiv və işgüzar olmasına kömək edə bilər.

Şizofreniya kimi ciddi psixi pozuntu ilə mübarizə, həm təsirlənən şəxs, həm də onların dostları vəailəsi üçün çox çətin ola bilər. Bu vəziyyətin öhdəsindən gəlmək üçün, həm təsirlənən şəxsin, həm də ətrafındakıların şizofreniya haqqında düzgün məlumat əldə etməsi vacibdir. Xəstəlik haqqında maariflənmək, şizofreniya xəstəsinə müalicə planına sadiq qalmağın vacibliyini başa düşməyə və eyni zamanda dostlarına və ailəsinə xəstəliyi anlamaqda və ona daha mərhəmətlə yanaşmaqda kömək edə bilər.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et