Günümüzdə intihar cəhdləri əhəmiyyətli bir xalq sağlamlığı problemidir. 1985-ci ildə Avropa ölkələrində yarım milyon insan intihar cəhdi səbəbilə xəstəxanaya yerləşdirilmişdir. Son illərdə isə xüsusilə gənclər arasında bu hallar artmaqdadır. Gənclər arasında intihar ABŞ-da ölüm səbəbləri arasında üçüncü, bir çox Avropa ölkəsində ikinci yerdədir. Dünyada hər gün təxminən 1000 nəfər intihar səbəbilə həyatını itirir.
Bəs, Azərbaycanda gənclər arasında intihar hallarının artmasının əsas səbəbləri hansılardır? Depressiya və digər psixoloji pozuntular bu hallarda hansı rolu oynayır? Bu mövzuda aparılan tədqiqatlar hansı nəticələri göstərir? Ailə və yaxın ətrafın dəstəyi bu halların qarşısını almaqda nə dərəcədə əhəmiyyətlidir?

Mövzu ilə bağlı uzman psixoloq Səbinə Bayramova 24Media.az saytına açıqlamasında bildirib ki, özünəqəsd davranışı təhdid, düşüncə, təşəbbüs və ölümlə nəticələnən əməllər olaraq geniş bir spektrdə yer alır. "İntihar təşəbbüsü" bir şəxsin özünü öldürmək məqsədilə cəhd etməsi olaraq təyin edilərkən, "tamamlanmış intihar" ölümlə nəticələnən intihar cəhdidir:
"Qızlarda intihar cəhdi davranışı daha çox müşahidə edilməkdə, oğlanlarda isə daha çox tamamlanmış intihar görülməkdədir. Son tədqiqatlara görə pandemiya dövrü ilə birlikdə həm psixoloji problemlərin nisbətinin artması, həm ailədaxili münasibət problemlərinin və maddi stres faktorlarının artması, təhsilin onlayn şəkildə keçirildiyi dövrlərdə gənclər arasında tənha qalma hallarının ciddi şəkildə artması, peşəkar yardım almanın çətinlikləri kimi səbəblər intihar nisbətlərinin artmasına səbəb olmuşdur. Burada ailələrin diqqət etməli olduğu mövzu yeniyetmə və gənclərin əhval-ruhiyyəsində müşahidə olunan mənfi dəyişikliklər, intihar cəhdi olmasa belə, özünə zərər verici davranışların olması, ailədə başqa özünəqəsd hadisəsinin olması kimi hallarda mütləq peşəkar bir yardım almaqdır".
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda özünəqəsd hallarının artmasının bir neçə əsas səbəbi var:
"Bu səbəbləri müxtəlif faktorlarla izah edə bilərik.
₋ Depressiya və psixoloji problemlər: Ən əsas səbəblərdən biri depressiya və digər psixoloji problemlərdir. Depressiya keçirən insanların təxminən 15%-i intihara meyillidir.
₋ Sosial və iqtisadi problemlər: Sosial və iqtisadi çətinliklər də intihar hallarının artmasına səbəb ola bilər. İşsizlik, maddi sıxıntılar, ailə problemləri və sosial təcrid kimi faktorlar insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir.
₋ Pandemiya və karantin rejimləri: COVID-19 pandemiyası və tətbiq olunan karantin rejimi insanların psixoloji vəziyyətinə ciddi təsir göstərmişdir. İnsanların evlərə qapanması, sosial mühitdən uzaqlaşması və maddi problemlər intihar hallarının artmasına səbəb olmuşdur.
₋ İnternet və sosial media: Uşaqlar və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, asudə vaxtın səmərəli keçirilməməsinə səbəb olur və mənəvi boşluq yaradır. Bu da intihara meyilliliyi artırır".
Psixoloji tədqiqatlar göstərir ki, intihar edənlərin böyük əksəriyyətində psixoloji problemlər mövcuddur. Səbinə Bayramova qeyd edib ki, bunların arasında depressiya, bipolyar affektiv pozuntu, təşviş pozuntuları və posttravmatik stress pozuntusu kimi hallar xüsusi yer tutur.
" -Depressiyanın rolu: Depressiyadan əziyyət çəkən insanlar tez-tez ümidsizlik hissi keçirirlər. Bu vəziyyət onları həyatda heç bir məna görməməyə və gələcəkdə yaxşılığa doğru heç bir ümidləri olmamağa gətirib çıxarır. Enerji və motivasiya səviyyəsi kəskin şəkildə azalır, bu da şəxsin problemlərlə mübarizə aparmaq qabiliyyətini zəiflədir. Depressiya yaşayan insanların özünüqiymətləndirməsi aşağı olur, bu da onlarda özlərinə qarşı nifrət və dəyərsizlik hisslərini yaradır. Bu hallar özünəqəsd düşüncələrinə yol açır.
₋ Bipolyar affektiv pozuntunun rolu: Bipolyar pozuntu zamanı insanlarda ciddi maniakal və depressiv epizodlar müşahidə olunur. Bu pozuntu həm yüksək riskli davranışlara, həm də dərin depressiya epizodlarına yol aça bilər ki, bu da intihar riski yaradır.
₋ Təşviş pozuntularının rolu: Yüksək təşviş səviyyəsi olan insanlar hər zaman güclü narahatlıq və qorxu hissi keçirirlər. Bu narahatlıq hissi onları intihara sürükləyə bilər.
₋ Posttravmatik stress pozuntusunun (PTSP) rolu: Şiddətli travma yaşayan insanlar travma sonrası stres pozuntusu yaşayır. Bu vəziyyət insanları yenidən travma hissi ilə üz-üzə qoyur və özünəqəsd riskini artırır".
Azərbaycanda intihar mövzusunda bir sıra tədqiqatlar aparılmışdır. Ekspertin fikrincə, bu tədqiqatlar, intihar faktoru ilə əlaqəli bir sıra psixoloji, sosial və tibbi amilləri üzə çıxarmaq üçün aparılmışdır:
"Tədqiqatların nəticələri,intihar riskinin psixoloji travmalar, stress, ailə problemləri, işsizlik, təhsildəki təzyiq, işdəki təzyiq və digər sosial amillərlə daha yaxından əlaqəli olduğunu göstərmişdir. Azərbaycanda gənclər arasında özünəqəsd hallarının artması ilə bağlı bəzi statistik məlumatlar mövcuddur. Məsələn, 2022-ci ilin ilk üç ayında ölkədə 102 intihar hadisəsi qeydə alınıb. 2021-ci ildə isə 612 nəfər özünə qəsd edib, bunlardan 438-i kişi, 147-si isə qadın olub. 2019-2020-ci illərdə ölkədə 1,182 intihar və 1,830 intihara cəhd hadisəsi baş verib. Bu statistikalar göstərir ki, intihar hallarının artması ciddi bir problemdir və bu məsələnin həlli üçün genişmiqyaslı tədbirlər görülməlidir. Aparılan tədqiqatlarda özünəqəsd davranışı müşahidə olunan gənclərdə ailədə intihar davranışının %2 ilə %30 arasında dəyişdiyi, pozulmuş valideyn-övlad münasibətinin, valideynlərdə ruhi xəstəliklərin, alkoqol və narkotik maddə istifadəsinin daha çox rast gəlindiyi müəyyən edilmişdir. Ataların özgüvənsiz, özünə inamsız və depressiyada, anaların isə təşvişli olduqları və özünəqəsd düşüncəsi daşıdıqları müəyyən edilmişdir.”
Tədqiqatlar göstərir ki, xüsusilə uşaqlar, yeniyetmələr və gənc yetkinlər arasında intiharda təqlid və yayılma əhəmiyyətli rol oynaya bilir. İntihar epidemiyaları bunun ən yaxşı nümunəsidir.
Kütləvi informasiya vasitələri gənclərə intihar mövzusunda təqlid edə biləcəkləri modellər təqdim edir. Psixoloq fikirlərində vurğulayıb ki, intihar mediyada dramatik şəkildə yer alıbsa, intihar üsulu haqqında ətraflı məlumat verilibsə, intihar edən şəxs məşhurdursa və xəbər mediyada təkrar-təkrar yer alıbsa, xəbərin təsiri daha da artır:
"Ailə və yaxın çevrənin dəstəyi özünəqəsd hallarının qarşısını almaqda vacib rol oynayır:
1. Emosional dəstək: Ailə və dostlardan alınan sevgi və qayğı, psixoloji sağlamlığı qorumaq üçün vacibdir. Bu cür dəstək insanların özlərini dəyərli hiss etmələrinə və müsbət düşüncələrə sahib olmalarına kömək edir. Yaxın ətrafın şəxsin problemlərini və narahatlıqlarını dinləməsi, onun hisslərini paylaşmasına və rahatlamasına şərait yaradır.
2. Praktik dəstək: Praktik yardımlar (məsələn, ev işləri və s.) şəxsin həyat yükünü azaltmağa və stres səviyyəsini aşağı salmağa kömək edir. Ailə və dostların həyat təcrübələrinə əsaslanaraq verdikləri məsləhətlər və rəhbərlik, şəxsin problemləri ilə mübarizə aparmasında faydalı ola bilər.
3. Sosial təcridin azaldılması: Yaxın çevrənin şəxsi sosial fəaliyyətlərə cəlb etməsi və onu təcrid etməməsi şəxsin özünü daha yaxşı hiss etməsinə və sosial dəstək qazanmasına kömək edir. Sosial fəaliyyətlərdə aktiv olmaq və pozitiv əlaqələr qurmaq şəxsin emosional sağlamlığını dəstəkləyir.
4. Resursların təminatı: Ailə və yaxın dostlar şəxsin psixoloqa müraciət etməsinə təşviq edə və bu prosesdə ona dəstək ola bilərlər. Lazım olan məlumatları və resursları təmin etmək, məsələn, intihar yardımı xidmətləri və dəstək qrupları haqqında məlumat vermək çox faydalıdır.
5. İlk müdaxilə: Ailə və yaxın dostlar şəxsin davranışlarındakı dəyişiklikləri və intihar düşüncələri kimi təhlükəli siqnalları tanımalıdırlar. Bu siqnalları tanıdıqda dərhal şəxslə ünsiyyət qurmaq və onunla danışmaq vacibdir".
Psixoloq sonda əlavə edib ki, ailə və yaxın ətrafın dəstəyi olmadan, şəxslər özlərini daha çox tənha və gücsüz hiss edə bilərlər ki, bu da intihar riskini artırır.
"Buna görə, ailə və dostların aktiv və dəstəkləyici rol oynaması, lazım gəldikdə peşəkar bir mütəxəssisdən psixoloji dəstək alması üçün onu motivasiya etməsi həyati əhəmiyyət daşıyır", - deyə ekspert fikirlərini tamamlayıb.
Nərgiz Orucova
