Bu gün:

Sevdanın qaranlıq sirri: hər qəlbin gizli qatili


24Media.az «Misra24» rubrikasına davam edir. Budəfəki mövzumuz Oskar Vaildin «Reading həbsxanasının balladası» adlı əsərindəki məşhur bir şeirdən ilhamlanır.

«Qulaq asın sözlərimə diqqətlə,

Hər kəs öldürər sevdiyini.

Kimi bir baxışı ilə edər bunu,

Kimi də yaltaq sözlərlə.

Qorxaqlar öpüşlə öldürər,

Cəsarətlilər qılınc zərbəsiylə!»

Bu şeir haqqında bilməli olduğumuz bəzi vacib məqamlar var. İlk növbədə, bu əsər Oskar Vaildə aiddir. Orijinal adı The Ballad of Reading Gaol (Reading Həbsxanasının Balladası) olan şeir ən tanınmış üç bəndi ilə ümumi əsərin yalnız kiçik bir hissəsini təşkil edir. Hələlik şeir Azərbaycan dilinə tərcümə edilməyib, amma türk dilinə məşhur şair Özdəmir Asaf tərəfindən tərcümə edilib. Maraqlı olan isə, Oskar Vaild öz məzarından çıxıb gəlsə belə, bu şeirin türk variantını Tuncəl Kurtiz kimi bir sənətkarın verdiyi dərinliklə oxuya bilməz.


Bu şeirin əsl hekayəsini izah edən bir Azərbaycan mənbəsi yoxdur — türk mənbələrində belə nadir hallarda rast gəlmək mümkündür. Elə bu gün həmin əsl hekayəni danışacağıq.

Çarlz Tomas Uldridj… 1866-cı ildə İngiltərənin kiçik, sakit East Garston qəsəbəsində dünyaya  göz açır. Lakin o həyatını 1896-cı ildə kədərli bir sonla itirir. Amma buna ‘həyatını itirmək’ demək də doğru olmazdı, çünki o, vəfasız dünyanın qanunları ilə — edamla həyata əbədi gözlərini yumur. Nə etmişdi bəs? Hansı qorxunc cinayəti işləyərək belə bir faciəvi sonla qarşılaşmışdı?

Çarlz 20 yaşında ingilis alayına qatılır. 28 yaşında ikən alayı Vindsor qəsəbəsindən göndərildiyi vaxt Laure Ellen (Nell) Glendell ilə evlənir. Lakin komandanı ona deyir ki, arvadı zəif olduğundan alayın köçürüldüyü yerdə yaşaya bilməz və onları ayrı yaşamağa məcbur edir. Çarlz bu qərara qarşı çıxmır, vəzifəsinin məhsuliyyətini dərk edir.

«Bəzən sevgi qısa olur, bəzən uzun,

Kimi satır, kimisi satın alır.

Kimi gözyaşı ilə öldürər,

Kimi də sakitcə.

Çünki hər kəs öldürər sevdiyini,

Lakin hər öldürən öldürdü deyə ölməz.»

Onların sevgisi qısa» ilə «uzun» arasında sanki bir yerdə qalır. Bu məcburi ayrılığa baxmayaraq, onlar 10 il boyu bir-birlərinə bağlı qala bilirlər. Amma, əslində, təbiətləri tamamilə fərqli idi. Nel əyləncə axtaran, flört etməyə meylli bir qadın, Çarlz isə qısqanc, şübhəkar bir kişiydi. Bir araya gəldikdə, mübahisələrdən qaça bilmirdilər. Ola bilərdi ki, bu səbəbdən birgə həyatları heç vaxt tam mənasıyla yaşanmamışdı. Bəlkə də uzaq olmaq, onların sevgisini daha qiymətli etmişdi. Ancaq bunu heç vaxt öyrənə bilməyəcəyik. Bildiyimiz bir şey var ki, 1896-cı ilin mart ayında Nel qızlıq soyadını yenidən istifadə etməyə başlayır. Bu, Çarlz üçün bir qırılma nöqtəsi oldu. O, bu xəbəri eşidəndə içindəki qəzəbə hakim ola bilmir. Nelə hücüm edərək gözlərinə zərbə endirir, burnunu sındırır. Nel bu təhqiri qəbul edə bilmir və bir daha onunla görüşmək istəmir.

Gələcəkdə hələ daha dəhşətli bir hadisə gözləyirdi onları. Çarlz Nelin işlədiyi poçt ofisində başqa bir kişi ilə münasibət qurduğunu öyrənir. Bu, ona vurulmuş  daha bir ağır zərbə idi. Nel ona bir daha yaxınlaşmayacağına dair məktub yazır. Çarlz səssizcə yanan ürəyi ilə Nelə son bir görüş üçün yalvarır, nəhayət, bir görüş təyin edə bilir. Amma Nel görüşə gəlmir. Bu, Çarlz üçün artıq bir sınaqdan daha çox bir fəlakətə çevrilir. O, alaydan qaçaraq Nelin evinin qarşısına gəlir. Nəhayət, Nel meydana çıxır, amma küçənin ortasında onların arasındakı mübahisə böyüyür. O an Çarlz özünü saxlaya bilmir və bu dəfə, tamamilə özünü itirərək, bıçağını çəkir və Nelin boğazını kəsir. Qadın yerindəcə həyatını itirir. Çarlz sonra polis bölməsinə gedərək təslim olur və ifadəsində qeyd edir: «Bıçağı əlimdən almasaydılar, öz boğazımı da kəsəcəkdim.»

«Kimi gənc ikən öldürər sevdiyini,

Kimisi yaşlı ikən.

Şəhvətli əllərlə boğar kimisi,

Kimisi qızıldan əllərlə.

Mərhəmətli insan bıçaqdan istifadə edər,

Çünki bıçaqla ölən tez soyuyar.»

Məhkəmədə Çarlzın cəzasını yüngülləşdirmək üçün söylədiyi müdafiələr heç bir təsir göstərmir. O, Neli bir anlıq qəzəblə öldürdüyünü söyləyir, amma məhkəmə, bu etirafa rəğmən onu tezliklə ölümə məhkum edir.

Çarlz «Reading» həbsxanasına göndərilir. Orada həyat yoldaşını öldürdüyü üçün böyük bir əzab və peşmanlıq içində olduğunu, bu yükü daşımağın necə dəhşətli olduğunu həbsxana rahibinə söyləyir. Onun vasitəsilə hakimdən cəzasının yüngülləşdirilməsi üçün yalvarır. Lakin nə hakim, nə rahib, nə də başqa bir nəfər onun bağışlanmasını düşünməmişdi…

Edam səhəri Çarlz son bir dəfə kilsənin müqəddəs küncünə üz tutmuş, əllərini dua üçün açaraq, günahlarının bağışlanmasını diləmişdi. Ruhunu yandıran əzab sözlə ifadə edilə bilməyəcək bir qışqırığın məğlubiyyətini daşıyırdı. Amma heç kim ona mərhəmət göstərmir. Cəllad üzündə heç bir kədər izi olmadan, ona ölümün soyuq əllərini təqdim edir, boynuna adi bir ipdən daha uzun və ağır bir zəncir bağlayır. Bu, onun son səhəriydi.

Oskar Vaild Çarlzla heç vaxt qarşılaşmasa da, onun taleyini ürəyində hiss etmiş, həyatının hər anını böyük bir diqqətlə izləyərək sanki onun qəlbinin dərinliklərinə enmişdi. Həbsxanadakı tənhalıq və məhkəmədəki hökmün sarsıntılarını öz ruhunda yaşamış, hər bir kədəri, hər bir acını özünə yaxın bilmişdi. Vaild bu qara gündəlikləri, bu qaranlıq həyat hekayəsini yazıya çevirərəl, «Reading Həbsxanasının Balladası”nı yaratdı, onu Çarlzın dərdinə, qəlbinin acısına ithaf etdi, bir növ uzaqdan, amma dərindən bir tanış kimi.

«Çünki hər kəs öldürər sevdiyini,

Amma hər öldürən öldürdü deyə ölməz, »

demişdi Vaild, bir tərəfdən Çarlzın günahını bağışlayarkən, digər tərəfdən onu ölümə məhkum etmişdi. Beləliklə, hər kəs sevdiyini öldürərmiş, lakin hər öldürən ölməzmiş deyə şeir bitir. Çarlz Tomas  Uldridj isə ölmüşdü.

Amma geriyə sual qalır: Həqiqətən də hər kəs sevdiyini öldürürmü? Həqiqətən, sevən biri öldürməyi bir yana qoyaq, sevdiyini incitməyi belə gözə alarmı?Bəli, alar. Sevdiyini incidər, öldürər, əlbəttə. Lakin şeirdə nəzərə alınmayan bir hal da var. Hər şey tam olsa da, bir şey çatışmaz. Kimisi baxışları ilə, kimisi sevgi dolu sözlə, bir öpüşlə, ya da qılıncla öldürər sevdiyini, amma kimisi bunların heç birini etməz.

Kimisi sadəcə unutmaqla öldürər. Və kimisi üçün unudulmaq, ən ağrılı ölümdür…

Bəlkə də, sevginin ən ölümcül tərəfi, öldürmək deyil, unutmaqdır. Unudulan bir sevgi, həqiqətən ölmüş sayılır. Bəs siz sevginin ölümə aparan yollarını düşündünüzmü? Unutmaq bir qurtuluşdur, yoxsa başqa bir cəza?

Kim bilir… Sevgi öz qatillərini çox yaxşı seçir.

Mənbə: https://www.facebook.com/sanalpsikologofficial/posts/oscar-wilde-herkes-%C3%B6ld%C3%BCr%C3%BCr-sevdi%C4%9Fini-%C5%9Fiiri-ve-pek-bilinmeyen-hikayesikulak-verin/1273301536185667/

https://lyricstranslate.com/en/each-man-kills-thing-he-loves-oysa-herkes-oeldueruer-sevdigini.html

Sevil Azər

Paylaş
Şərh əlavə et