24Media.az “Misra24” rubrikasını təqdim edir.
Bu rubrikada, əsasən, şeir və poeziya dünyasına aid maraqlı nümunələr, şeirlərin yaranma hekayələri və şairlərin ilham mənbələri haqqında məlumatlar oxuya biləcəksiniz.

"Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən
ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz
səninlə əl-ələ verib gedərdim."
Rəsul Rza
Nigar Rəfibəyli — Gəncənin əzəmətli Rəfibəylilər sülaləsinin işıqlı nümayəndəsi. Cəsarəti və vətən sevgisi hələ gənclik illərindən boy atan bu zərif, lakin güclü qadın həm də böyük istedadın, incə ruhun daşıyıcısı idi. O, mübarizə ilə yoğrulmuş şərəfli bir həyat yaşadı, özüylə birgə millətinin ağrılarını da qəlbinin ən dərin guşəsində daşıdı.
Nigar xanımın atası Xudadat bəy də xalqının azadlığı üçün canını qoymuş bir qəhrəman idi. Onun səsi düşmənləri üçün qorxulu idi, çünki millətinə olan sevgisi düşmənlərin gözündə təhdidə çevrilmişdi. Nəhayət, ermənilər onu mühakimə etdirib ağır cəzaya məhkum etdilər. Bakıya aparılıb Nargin adasında güllələnəndə cəmi 43 yaşı vardı. Oğlu Kamilin 11, Rəşidin 9, qızı Nigarın isə hələ 7 yaşı… Xudadat bəyin həyatdan getməsi ilə ailə böyük sarsıntılar yaşadı. Ata ocağının istiliyindən uzaq düşən uşaqlar acı qismətlərinə təslim olmadan hərəsi bir üfüqə savruldu.
Nigar Rəfibəyli ibtidai təhsilini doğma Gəncədə alır, daha sonra Bakıya gələrək pedaqoji texnikumda təhsilini davam etdirir. Əmək yoluna müəllim kimi başlayan Nigar xanım bu illərdə həm də bədii yaradıcılıqla məşğul olur, qələmi ilə duyğularını kağıza köçürərək incə ruhunu ifadə etməyə başlayır.
Nigar xanımın həyat hekayəsi, sevgisi və ailə bağlılığı ilə toxunmuş bir xəzinədir. Onun və Rəsul Rzanın tanışlığı 1930-cu illərində Bakı Maarif Evində başladı, dostluqla başlayan münasibət zamanla dərin məhəbbətə çevrildi. Bu eşq onları 1937-ci ildə ailə həyatı qurmağa gətirib çıxardı və onlar sadə toyda, kiçik daxmalarında bir-birlərinə əbədi vədə verdilər. O məclisin qonaqları arasında sonradan repressiyaların qurbanı olan Mikayıl Müşfiq və Hüseyn Cavid kimi böyük ədiblər də var idi.
Nigar və Rəsul öz uşaqları Anar, Fidan və Təranədən bir istəkləri var idi: onlar «ana» və «ata» sözlərininin əvəzinə öz adlarını istifadə etsinlər. Uşaqlar valideynlərinə yalnız adları ilə müraciət etdilər və bu ənənə həyatlarının son gününə qədər dəyişmədi.
İkinci Dünya Müharibəsi başladıqda, Rəsul Rza cəbhəyə yollandı. Onun yoxluğu Nigar xanım üçün ağır olsa da, o, öz kədərini yaradıcılığına yönəltdi və həsrət dolu şeirlər yazdı. Nigar Rəfibəyli Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğunun yanına gedir və deyir: «Mən də cəbhəyə getmək istəyirəm!» Səməd Vurğun zarafatla cavab verir: «Ay Nigar, mən indi bir batalyonu hardan tapım ki, səni cəbhədə müşayiət eləsin?» Rəsul Rzanın cəbhədən qayıtması ilə onun ürəyi yenidən qəlb rahatlığı tapdı.
1981-ci ildə isə həyat onları ayrılığın kədərli qapısına gətirib çıxardı. Nigar xanım ağır xəstəliklə mübarizə aparmağa başladı. Rəsul Rzanın ürəyi Nigar xanımın xəstəlik xəbəri ilə sarsıldı və qəfil vəfat etdi. Lakin bu dəhşətli xəbəri Nigar xanıma söyləmədilər. O xəstəxanada ikən Rəsula yazdığı «Neyləyim» adlı şeirinə bəstəkar Emin Sabitoğlu tərəfindən musiqi bəstələndi və mahnı ona böyük təsəlli oldu.
Xəstəxanada yanına kim gəlirmişsə, uşaqlarına deyərmiş ki, maqnitofonu qurun, Rəsula yazılan mahnını dinləyək. Xəstəxanada olanda təəccüblənirmiş ki, Rəsul kimi hövsələsiz adam niyə ona zəng vurmur. Onu aldadırlar, deyirlər, təzyiqi yüksək olduğuna görə həkimlər telefonu palatasından çıxarıblar ki, danışmasın.
İyunun 23-də, doğum günündə, oğlu Anar ona yasəmənlər gətirdi, çünki oğlu bilirdi ki, anası Rəsul bəydən xəbər gözləyir. Anar anası Nigar xanıma gülləri verərkən söyləyir ki, bu gülləri Rəsul Mərdəkandan göndərib.
Bir müddət sonra həkimlər onun xəstəliyinin əlacsızlığını etiraf edirlər. Nigarı evə gətirirlər. O, üzünü qızlarına tutub deyir: «Mənim qara paltarımı gətirin». Təəccüblə soruşurlar: «Neyləyirsən qara paltarı?». O isə təkrar edir: «Gətirin». Gətirirlər. Geyinir. Evdə yasa aid heç nə qalmasa da, sanki Rəsulun yoxluğunu hiss edir, yas saxlayır. Bu acı ayrılıqdan yalnız bir neçə ay sonra Nigar xanım da əbədiyyətə qovuşdu, həyatının böyük məhəbbətinə sadiq qalaraq…
Nigar xanım Rəsul bəyin dünyasını dəyişdiyini axıracan bilmədi…

Nigar Rəfibəyli
SƏNSİZ
Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
Mənbə: https://musavat.com/news/7-yasinda-atasini-gullelediler-erinin-olduyunu-axiracan-bilmedi-nigar-refibeylinin-film-kimi-heyati_996399.html
https://kulis.az/xeber/media/7-yasinda-atasini-gullelediler-resul-rza-onun-xestelenmesine-dozmeyib-dunyasini-deyisdi-erinin-olduyunu-axiracan-bilmedi-colorrednigar-refibeylinin-film-kimi-heyati-color-31666
https://kayzen.az/blog/sevgi/10071/nigar-r%C9%99fib%C9%99yli-v%C9%99-r%C9%99sul-rza.html
Sevil Azər
