Bu gün:

“Reytinq məsələsi bəzən məni narahat edir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı teleaparıcı Nübar Əbildir. O, jurnalistikayla bağlı olan sualımızı cavablayıb. 

-Televiziya aparıcısı olmaq üçün jurnalist hansı tələblərə cavab verməlidir? 

-Təkcə jurnalist yox, hər kəs Azərbaycan dilini gözəl bilməlidir. Azərbaycan dilini gözəl, səlis bilmək jurnalistin borcudur. “Ən yaxşı aparıcı müxbirlikdən gələn aparıcıdır” deyə deyim var. Müxbirlik jurnalistdə bir çox qabiliyyətləri: yazı, düşüncə, hadisələrə yerindəcə fikir bildirmək qabiliyyətini formalaşdırır. Artıq bu qabiliyyətlərə sahib olduqda aparıcı kimi də uğurlu fəaliyyət göstərmək mümkün olur. Hər peşə sahibi öz işində yaxşı olmaq üçüb daim üzərində işləməli, risk almalı, yeniliklərə açıq olmalı, işini sevməli və nə istədiyinə əmin olmalıdır. Aparıcılığın da özünə məxsus çətinlikləri var. Lakin bu çətinliklərə rəğmən sən özünü geridə qoyaraq cəmiyyəti, xalqı nəzərə almalı və xidmət etməlisən, çünki sənə bu haqq tanınıb. İşində yaxşı olmaq üçün komfort zonanı tərk etməkdən qorxmamalısan, əgər bir xətt üzərində gedirsənsə, bəlli müddətdən sonra bu xətti dəyişdirərək yeniliklər etməlisən. Düşünürəm ki, heç kim sevilmədiyi, qiymət görmədiyi yerdə qalmır. Telekanallarda aparıcılara yetərincə qiymət verilir. Eyni zamanda, bu aparıcının peşəkarlığıyla da ölçülür. Hazırda məşhur aparıcılara telekanal yüksək qiymət verib ki, xalq onları sevir. Televiziya sahəsində reytinq məsələsi bəzən məni narahat edir. Bəzən reytinqə görə keyfiyyətli layihələr yarımçıq qalır. Kütləyə xidmət edən verilişlər aparılmadıqda bəzən aparıcılar gündəmdən kənarda qala bilər. Sosial mövzulu verilişlər həm tənqid edilir, həm də izlədilir. Hətta zamanında mənə də bu mövzuda iş təklifi gəlsə də, istiqamətimə uyğun olmadığı üçün qəbul etməmişdim. Lakin o istiqamətdə gedən hər kəs daha çox reytinq qazanır. Reytinq məsələləri daha çox keyfiyyətlə ölçülsə, daha yaxşı olar.  

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et