Bu gün:

Tom Hanks-dən Forrest Gump açıqlaması: Yaxşı ki, davam filmini çəkmədik


İki Oskar mükafatçısı Tom Hanks son müsahibəsində 1994-cü il istehsalı olan ikonik Forrest Gump filmi haqqında danışıb. Məşhur aktyor, Forrest Gumpın davam filminin çəkilməməsinə görə məmnun olduğunu bildirib.

Daha əvvəl "Philadelphia", "Əsgər Ryanı xilas etmək" və "Qardaşlar birliyi" kimi məşhur əsərlərdə rol almış amerikalı aktyor Tom Hanks, The New York Times-a verdiyi son müsahibəsində Forrest Gump haqqında fikirlərini bölüşüb. “Ən Yaxşı Kişi Aktyor” nominasiyasında Oskar qazandığı Forrest Gumpın davamının çəkilməməsindən razı olduğunu bu sözlərlə ifadə edib:

“Bu film, öz-özlüyündə dayanan və heç vaxt yenidən çəkilməsinə ehtiyac olmayan bir qarışığı ehtiva edir. Şükürlər olsun ki, bu filmin davamını çəkmək məcburiyyətində qalmadıq. Niyə papağın üstünə papaq qoyaq ki?”

Forrest Gumpın hələ də tamaşaçıları təsirləndirməyi bacardığını vurğulayan Hanks deyib: “Hazırda dünyanın hər hansı bir yerində kimsə bu filmi əvvəldən sona qədər izləyir. Eyni rahatlıq və tanışlıq hissini yaşayırlar.” Amerikalı yazıçı Winston Groom-un 1986-cı ildə nəşr olunan romanı ilə eyni adı daşıyan, öyrənmə çətinliyi çəksə də inanılmaz atletik bacarıqlara malik Forrest Gumpın hekayəsini anladan Forrest Gump filmi, 1994-cü ilin ən çox gəlir gətirən filmi olmuşdu.

13 nominasiyada Oskara namizəd göstərilən Forrest Gump “Ən Yaxşı Film”, “Ən Yaxşı Kişi Aktyor”, “Ən Yaxşı Rejissor”, “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari”, “Ən Yaxşı Film Montajı” və “Ən Yaxşı Vizual Effekt” nominasiyalarında qalib gəlmişdi.

Mənbə: NTV

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et