Bu gün:

Təhsil eksperti məktəbəqədər hazırlıq müəllimlərindən danışdı-“1 sual, 1 cavab”


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı təhsil eksperti Elçin Əfəndidir. O, məktəbəqədər təhsil müəssisələrində dərs keçən müəllimlərin iş fəaliyyətlərindən danışıb.


-Məktəbəqədər dərs müəssisələrində dərs keçən müəllimlər hansı bilik və bacarıqlara sahib olmalıdır?
- Müvafiq olaraq, təhsil haqqında qanunvericilikdə  eyni zamanda, məktəbəqədər hazırlıqla bağlı nizamnamədə qeyd  olunur ki, məktəbəqədər hazırlıq qruplarına dərs deyən şəxslər ali və orta ixtisas təhsilli, məktəbəqədər təlim və tərbiyə ixtisasını bitirmiş şəxslər olmalıdırlar. Məhz həmin şəxslər məktəbəqədər təhsil müəssisələrində dərs demək hüququna malik olurlar. Təbii ki, bu gün ölkədə 16 mindən çox müəllim məktəbəqədər hazırlıq prosesinə cəlb olunub. Onların içərisindən təxminən 8 min nəfərə yaxın qeyri-ixtisas sahibləri olduğunu bilirik. Nazirliyin açıqlamasına əsasən, 800 nəfər  heç bir ixtisas sənədinə sahib deyil. Ali, orta təhsilli və yaxud təhsilləri haqqında heç bir məlumat yoxdur. Təbii ki, belə bir prosesi tənzimləməklə, yalnız ixtisas sahiblərini  təlim-tərbiyə proseslərinə cəlb etmək lazımdır. Bunun üçün Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu növbəti zaman ərzində bu prosesə start veriləcəyi gözlənilir. Müəllimlərin qeyri-ixtisasa sahib olmaları şagirdlərin bilik və bacarıqları əldə etmələrinə mənfi təsir göstərir. Çünki ixtisas sahibi uşaqların yaş psixologiyasını, necə rəftar etməyin lazım olduğunu, dərsləri hansı üsullarla tədris etməyin vacibliyini daha yaxşı bilir. Ancaq qeyri-ixtisaslar uşaqlara müəyyən biliklər versələr də, uşaqlarda bacarıqların formalaşmasını və onlarla necə rəftar etməyin vacibliyini bilmirlər. Bu gün 100 mindən çox şagird bağça təhsilinə cəlb olunur. Əlbəttə, onların bilik və bacarıq cəhətdən formalaşmaları və ibtidai sinif üzrə müəyyən bilik və bacarıqlara sahib şagird kimi yetişmələri bizim üçün vacibdir.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et