Bu gün:

İlanların insan həyatı üçün faydaları


İlan dedikdə insanların ağlına ilk zəhərli olanlar gəlir və heç kim onların faydalı cəhətlərinin olacağını düşünmür. Lakin unutmamaq lazımdır ki, onların insan həyatı üçün əhəmiyyətli xüsusiyyətləri də var.

İnsanlarda müxtəlif yolxucu xəstəliklər törədən və yayan, kənd təsərrüfatına ziyan vuran gəmirici heyvanların sayının tənzimlənməsində ilanlar və digər sürünənlər böyük rol oynayır. İlanların sayı təbiətdə azaldıqca bu gəmiricilərin sayının artmasına əlverişli şərait yaranır. Müasir dövrümüzdə ilanların sayı təbiətdə azaldığı üçün insanlar gəmirici heyvanların sayca artmasından əziyyət çəkirlər. Ona görə də insanlar ziyanverici və xəstəlik törədicisi olan gəmirici heyvanlarla mübarizə aparmaq üçün müxtəlif üsullardan, o cümlədən zəhərli kimyəvi maddələrdən istifadə etməli olur.

İnsanlar lap qədim zamanlardan ilanlardan faydalanmağa çalışmışlar. Qədim Romada bəzi ailələr öz həyətlərində, evlərində ilanlar bəsləyib saxlayarlarmış ki, xəstəlik törədən, ziyan verən siçanların, siçovulların kökü kəsilsin. Amma ilanlardan, onların müxtəlif orqanlarından və məhsullarından, xüsusilə, zəhərindən xalq təbabətində lap qədim zamanlardan başlayaraq geniş istifadə olunmuşdur. 

Müasir təbabətin rəmzi nişanında kasaya sarınmış zəhərli ilanın təsvir olunması da təsadüfi deyildir. Bu gün də tibbi-əczaçılıq və kosmetika sənayesində ilan zəhəri qiymətli tibbi xammal kimi geniş tətbiq olunur. İlan zəhərindən istifadə etməklə qan-damar, əsəb, dəri-əzələ sistemi xəstəliklərinin müalicəsində, cərrahiyədə işlədilən müxtəlif dərman preparatları istehsal edilir. Müasir dövrdə ilan zəhərinin yeni tətbiq prespektivlərini araşdırmaq üçün bir çox ölkələrdə geniş elmi tədqiqat işləri davam etdirilir. Qədim xəstəxanalarda ilan dərisinin üst qabığından diş və göz xəstəliklərini, müxtəlif yaraları müalicə etmək, dəmir qəlpələrini yaralardan çıxarmaq üçün istifadə edirmişlər.

Qədim dünyamızın böyük təbibi İbn Sinanın bir çox müalicə reseptlərində ilanın müxtəlif orqanları dərman vasitəsi kimi göstərilir. O özünün “Təbabət elminin qanunları” kitabında ilan sancmış xəstələrə bişmiş gürzə ətini məsləhət görür və habelə göstərir ki, küncüt yağında bişirilmiş ilan ətindən hazırlanan məlhəm dəri xəstəliyi (dəmrov), “düz bağırsağın zəifləməsi” (babasil) xəstrəlikləri zamanı kömək edir. 

Rusiyanın tayqa ərazilərində yaşayan əhali öz təsərrufatlarındakı donuzların qurd xəstəliklərinə qarşı dözümlü olmaları üçün qadyuka ilanlarını qurudaraq üyüdür (əlbəttə, zəhərli baş hissəsini kəsib atdıqdan sonra) və heyvanların yeminə qatırlar. Şərqi və Cənubi-Şərqi Asiya ölkələrinin xalq təbabətində müxtəlif sürünən heyvanlardan, o cümlədən ilanlardan bu gün də istifadə edilir. Bu ölkələrdə müxtəlif kərtənkələ və ilanların spirtli cövhərini hazırlamaq geniş yayılmışdır. Bunun üçün kərtənkələ və ya ilan yuyulub təmizləndikdən sonra bütöv halda spirtin içərisində şüşə bankada bir müddət saxlanılır və sonra dərman vasitəsi kimi işlədilir. 

Koreyada, Çində, Vyetnamda və sair ölkələrin əczaxanalarında içərisində ilan və ya kərtənkələ olan bankalarda belə çövhərlərin satılması adi haldır. Koreyada isə insanlar orqanizmi gümrahlaşdıran vasitə kimi ilanın qanını isti-isti kokteyl əvəzinə içirlər. İlan dərisi, eyni zamanda, müxtəlif dəri məmulatları hazırlamaq üçün qiymətli xammal hesab olunur.

Mənbə: onedio.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et