
Ecazkar sualtı “bağlar”, batmış gəmilər və dünyanın ən nadir balıqları ilə zəngin Qırmızı dəniz... Bu dənizi Qırmızı dəniz adlandırsalar da, onun suyu şəffaf və mavidir. Görəsən, hansı zarafatcıl adam ona bu adı verib?
Qırmızı dəniz Hind Okeanında Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən daxili dənizdir. Qədim adı Ərəb körfəzidir. Bu, isti və duzlu dənizlərdən biridir. Dəniz qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan və Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmən ilə həmsərhəddir.
Nə üçün Qırmızı dəniz adlandırılır?
Burada fikirlər haçalanır. Bəziləri hesab edir ki, bu səhvən baş verib: qədim əlyazmaları düzgün oxumayıblar. Digərləri bildirirlər ki, heç bir səhv olmayıb. Sadəcə qədim insanlar dünyanın cəhətlərini müəyyən rənglərlə işarə ediblər: cənub qırmızı, şimal qara rənglə işarələnib. Buna görə də cənubda yerləşən dənizi Qırmızı, şimala doğru uzanan dənizi isə Qara adlandırıblar. Alimlər bildirirlər ki, Qırmızı dəniz artım dövründə dənizin sularını qırmızı-qəhvəyi rəngə boyayan yosunlara görə belə adlandırılıb.
Tarixçilər və tədqiqatçılar isə hesab edirlər ki, Qırmızı dənizə bu adı qədim zamanlarda dənizçilər veriblər. Bu, dənizin sahilində yerləşən qırmızı qayalar üzündən baş verib. Qırmızı qayaların rənginin dənizin sularında əks olunması insanları elə valeh edib ki, səyyahlar onu Qırmızı dəniz adlandırıblar.
Belə bir fakt da maraqlıdır ki, yalnız avropalılar onu Qırmızı dəniz adlandırırlar, İvrit dilində Qırmızı dəniz Yam Suf adlanır ki, bu da “qamışlıq” deməkdir. Misirlilər isə sahillərində yaşadıqları bu dənizi Vazi-Vr adlandırırlar ki, bu da “yaşıl genişlik” deməkdir.
Qırmızı dənizin sahilləri, demək olar, bir-birindən fərqlənmir. Lakin maska geyinib suyun altında nələr baş verdiyinə diqqətlə baxanda, tamamilə başqa mənzərə açılır. Dənizin dibində mərcanlar kol şəklində çiçəkləyir, onların arasında, nəhəng akvariumda olduğu kimi rəngbərəng balıqlar və meduzalar üzür.Qırmızı dənizin bütün sakinlərini sadalamaqla bitməz. Burada təqribən min balıq növü yaşayır. Özü də onların 20 faizi nadir balıqlar sayılır. Bu balıqlara yalnız Qırmızı dənizdə təsadüf olunur.
Suyun altında “batmış gəmilər muzeyini” görmək olar. Doğrudur, bu muzeyə yalnız dalğıclar və dayverlər tamaşa edirlər. İkinci dünya müharibəsi illərində alman bombardmançı təyyarələri tərəfindən partladılaraq batırılmış ingilis yük gəmisi “Tistleqorm” (”mavi qanqal”) ən maraqlı eksponatlardan biri sayılır.
Mənbə: Britannica
Tərcümə etdi: Aytac Musayeva
