
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi memar Gülnar Əliyevadır. O, Azərbaycanda abidələrin bərpası haqqında danışıb.
-Abidələrin yenidən bərpası, əslində, necə olmalıdır və Azərbaycanda bu necə aparılır?
Abidələrin bərpasında başlıca əsas təkanverici məqam düzgün abidələrin bərpa üçün seçilməsidir. Burada əsas kriteriyalardan biri istifadəsi olan, yaxud istifadəsinə zərurət olan abidələrin bərpasıdır. Bunlara misal olaraq, icmaların dini tikililərini, əhali tərəfindən istifadə olunan hamamları, gündəlik istifadə olunan körpüləri sadalamaq olar. Çünki daxilində aktiv istifadə olan abidələrin bərpasından sonra baxım və qorunması da təbii üslubla həll olunmuş olur. İcma onun istifadəsinə verilmiş məscidinə, kilsəsinə, yaxud da sinaqoquna sahib çıxır. Lakin bu o demək deyil ki, digər abidələr diqqətdən kənar qalmalıdır. İkinci vacib kriteriya kimi abidənin texniki vəziyyətini qiymətləndirmək olar. Mədəni irsimizin nümunələrinin çox olmasının qarşısını almaq üçün bərpa yox, konservasiya metod tətbiq edilə bilər. Bununla həm abidənin cari vəziyyəti qoruna bilər, həm də istifadəsi olmayan tikili üçün həddindən artıq vəsait xərclənməsinin qarşısını olmaq mümkündür.
Ümumilikdə, seçimə gedərkən müxtəlif aspektləri dəyərləndirmək lazımdır, mən burada oxucular üçün 2 kriteriya sadalamaq istədim. Bərpa və konservasiya olunan hər abidədə “İqtisadi və mədəni dəyərlərimizə töhfəsi nədir?” bu sualı vermək lazımdır.
Ölkəmizdə bərpa işləri həddindən artıq sürətlə aparılır. Burada çox vaxt abidənin elmi tədqiqinə etinasız yanaşılır. Texniki cəhətdən də sürətli aparılan bərpa işlərinin nəticəsi sonrası ağır fəsadlarla ortaya çıxa bilir. Unutmamaq lazımdır ki, abidələr uzun əsrlər əvvəl dövrün başqa materialları ilə tikiliblər, illərdir açıq şəraitdədirlər və biz onların bu günün materialları və texnikası ilə müdaxilə etdikdə öz təsiri mənfi surətdə də göstərə bilər. Xarici ölkələrdə abidə bərpasına yüksək etinayla yanaşılır. Uzun illər vaxt sərf olunur, abidə həm statik, həm seysmik, tarixi istifadəsi tələblərini yerinə yetirəcək şəkildə bərpa olunur. Bu iş prosesinə müxtəlif ekspertlər cəlb olunur, qərarlar qurulan bərpa şuralarının ortaq qərarı ilə verilir. Bu şuraların nəznində bərpa konstruktoru, bərpaçı memarlar, restavratorlar, şənətşünaslar, tarixçilər, arxeoloqlar, geoloqlar, ilahiyyatçılar və ən əsası yerli icmanın nümayəndələri yer alır. Təəssüflər olsun ki, tikintiyə nəzarət orqanları bərpa ilə bağlı xüsusi qaydalar tətbiq etmirlər. Onlar abidələrin gücləndirməsində, seysmik dayanıqlığının artırılmasında yeni tikililərlə eyni münasibət bəsləyirlər. Bu da çox vaxt abidə bərpası zamanı ona zərər verən beton və sement kimi ağır və toksik materialların istifadəsinə gətirib çıxarır. Bu maddələr uzun müddətdə abidəni gücləndirməkdən daha çox ona ziyan verir.
Həm memarlıq, həm də tikinti üslubu baxımından nümunələri və təcrübələrindən faydalana biləcəyimiz ölkələr İran və Türkiyədir. Türkiyə illərdən bəri gələn bərpa ənənəsi, idarəetməsi, mütəxəssis heyəti və iş prinsipləri ilə İran isə yüksək sənətkarlıq nümunələri və yerli memarlığı, onun icmasını və ustaları qoruma prinsipləri ilə nümunə ola bilər. Bunu da qeyd etmək istəyirəm ki, bərpada sadəcə tədqiqat, memarlıq və mühəndislik əhəmiyyətli deyil. Bu işlərin icrasını yerinə yetirən ustaları qorumaq və yetişdirmək də çox əhəmiyyətlidir. Bu həm sənəti həm də abidəni qorumaq deməkdir.
Abidələrin ən böyük qoruyucusu onun yerliləri və icmasıdır. İcmanın mütəmadi mədəni irsin dəyəri, bərpanın əhəmiyyəti barədə maarifləndirilməsi zəruridir və bu elə abidəni bərpasından əvvəl və sonra onu qoruyan ən böyük amildir.
Gülay Qəribova
