Bu gün:

Çin kosmonavt kosmik menyusunu necə zənginləşdirir?


Çinin “Tyanqonq” kosmik stansiyasında kosmonavtlar üçün hazırlanan menyuda artıq 200-ə yaxın yemək və qida çeşidi yer alır. 

24media.az ANEWZ-a istinadən xəbər verir ki, menyuya ənənəvi Çin yeməkləri, o cümlədən düşbərə, ay kökələri, Qunbao toyuğu, mapo tofu və qızardılmış düyü daxildir.

Yerdən təxminən 400 kilometr yüksəklikdə, orbitdə altı ay keçirən kosmonavtlar üçün sevdikləri yeməklərdən dadmaq xüsusi əhəmiyyət daşıyır. Bu, onların ev həsrətini azaltmağa, əhvalını yaxşılaşdırmağa və kosmosda gündəlik həyata daha yaxın hiss etməsinə kömək edir.

Kosmosda qidalanma ilk uçuşlarla müqayisədə xeyli dəyişib. Əvvəllər kosmonavtlar, əsasən, xüsusi tüblərdə qablaşdırılmış, çeşidi və dadı məhdud olan qidalarla təmin edilirdilər. Müasir kosmik stansiyalarda isə daha geniş yemək seçimi təqdim olunur.

Kosmosda yemək hazırlamaq xüsusi tələblər yaradır

Kosmosa göndərilən qidalar təhlükəsiz, yüngül və uzun müddət saxlanıla bilən olmalıdır. Mikroqravitasiya şəraitində qida qırıntıları və maye damcıları havada sərbəst hərəkət edərək avadanlıqlara zərər verə bilər. Buna görə yeməklərin hazırlanması və qablaşdırılması xüsusi qaydalar əsasında həyata keçirilir.

Kosmos şəraiti astronavtların dadbilmə hissinə və iştahasına da təsir göstərə bilər. Bu səbəbdən qidalar həm yüksək qida dəyərinə malik olmalı, həm də iştahaçan xüsusiyyətlərini qorumalıdır.

Ərzaqların böyük hissəsi kosmik yük gəmiləri vasitəsilə stansiyaya çatdırılır. Kosmonavtlar yeməkləri qızdırmaqla və ya üzərinə su əlavə etməklə hazırlayırlar. Vaxtaşırı göndərilən təzə meyvə və tərəvəzlər də onların qida rasionunu zənginləşdirir.

Kosmosda ərzaq yetişdirilməsi araşdırılır

Çin alimləri kosmonavtlarin yalnız Yerdən göndərilən ərzaqlardan asılılığını azaltmaq məqsədilə kosmosda bitki yetişdirilməsi üzrə təcrübələr aparırlar. “Tyanqonq” stansiyasında tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə bağlı araşdırmalar həyata keçirilir.

Bu tədqiqatların nəticələri gələcəkdə Aya və daha uzaq məsafələrə uzunmüddətli kosmik uçuşlar üçün əhəmiyyətli ola bilər. Kosmosda ərzaq yetişdirilməsi kosmonavtların qida təminatını yaxşılaşdırmaqla yanaşı, uzunmüddətli missiyalarda Yerdən asılılığı azaltmağa kömək edə bilər.

Qeyd edək ki, Çinin kosmik stansiyasında yemək çeşidlərinin artırılması kosmonavtların həm fiziki sağlamlığının, həm də psixoloji vəziyyətinin qorunmasına xidmət edir. Bu təcrübə göstərir ki, kosmosda həyat yalnız elmi tədqiqatlardan ibarət deyil, gündəlik rahatlıq və qidalanma da missiyaların mühüm hissəsidir.

Şehrin Musayeva


Paylaş
Şərh əlavə et