Bu gün:

Alimlər mikoplastikin heyvanların orqanlarında necə yayıldığını araşdırıblar


Novqorod Dövlət Universitetinin (NovQU) Mikoplastik Problemlərinin Tədqiqi Mərkəzinin alimləri ilk dəfə mikoplastikin heyvanların mədəsində toplana bildiyini sübut ediblər. Universitetin məlumatına görə, bu kəşf ətraf mühitin çirklənməsinin canlı orqanizmlərə təsiri ilə bağlı yeni suallar yaradır.

Foto: Shutterstock

Mikoplastik qida, içməli su və hətta hava vasitəsilə orqanizmə daxil ola bilər. Ətraf mühitdə geniş yayılmış bu xırda plastik hissəciklərin orqanizmdə necə paylandığını öyrənmək üçün alimlər dovşanlar üzərində təcrübə aparıblar. Səkkiz gün ərzində heyvanlara iki fərqli konsentrasiyada mikoplastik qatılmış su verilib.

Hissəciklərin orqanizmdə yerini müəyyən etmək üçün alimlər infraqırmızı mikroskopiya və Raman spektroskopiyası kimi müasir analiz metodlarından istifadə ediblər. Nəticədə dovşanların mədəsində mikoplastik hissəcikləri aşkarlanıb. Lakin yoğun və nazik bağırsaqda, qaraciyərdə, böyrəklərdə, uşaqlıqda və yumurtalıqlarda belə hissəciklərə rast gəlinməyib. Tədqiqat müəlliflərinin fikrincə, bu, mikoplastikin müəyyən müddət ərzində mədədə toplana bildiyini göstərə bilər. Hazırda beyin, ağciyər, ürək və toxumluqlarla bağlı araşdırmalar davam edir.

Paralel olaraq alimlər zebradanio balıqları üzərində də 30 gün davam edən eksperiment aparıblar. Balıqlar 1 mq/l və 20 mq/l konsentrasiyasında mikoplastik olan suda saxlanılıb. Təcrübə erkək və dişi balıqlar üzərində ayrıca aparılıb.

Mikoplastikin aşkarlanması üçün flüoresan vizuallaşdırma və spektroflüorimetriya üsullarından istifadə olunub. Yüksək konsentrasiyada mikoplastik olan suda saxlanılan balıqlarda bağırsaq və embrionlarda güclü flüoresans qeydə alınıb. Daha dəqiq analiz isə erkək balıqlarda qaraciyər, cinsiyyət və həzm sistemi orqanlarında, dişi balıqlarda isə beyin, gözlər, qəlsəmələr və cinsiyyət vəzilərində mikoplastik hissəciklərinin izlərini göstərib.

Alimlər vurğulayırlar ki, bu nəticələr hələlik ilkin xarakter daşıyır. Tədqiqatın əsas məqsədi istifadə olunan metodların etibarlılığını yoxlamaq olub. Gələcək mərhələdə isə mikoplastikin orqanizmdə necə xaric olunduğu və uzunmüddətli təsirləri daha ətraflı araşdırılacaq.

Mənbə: gazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et