Bu gün:

Deputatlar 16 yaşdan kiçiklər üçün sosial media qadağasını rədd edib


Böyük Britaniya parlamentinin deputatları 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası tətbiq edilməsini nəzərdə tutan təklifi rədd edib. Bunun əvəzinə hökumətə daha çevik məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verən plan dəstəklənib.

Təklifə əsasən, TikTok, İnstagram və Snapchat kimi platformalardan 16 yaşdan kiçiklərin istifadəsi qadağan oluna bilər. Qadağa ideyası bəzi siyasətçilər və ictimai xadimlər tərəfindən dəstəklənsə də, bəzi uşaq təşkilatları bunun uşaqları internetin daha nəzarətsiz və təhlükəli hissələrinə yönəldə biləcəyini bildirib.


Təhsil naziri Olivya Beyli hökumətin bu məsələ ilə bağlı ictimai rəy toplamaq üçün məsləhətləşmə başladığını açıqlayıb. Onun sözlərinə görə, sosial şəbəkələr üçün minimum yaş həddi, eləcə də avtomatik video oynatma kimi asılılıq yaradan funksiyaların məhdudlaşdırılması məsələsi araşdırılacaq.


Yeni plana əsasən, elm naziri Liz Kendall sosial media xidmətlərinə uşaqların çıxışını müəyyən yaş qrupları üzrə məhdudlaşdırmaq və ya bəzi funksiyaları qadağan etmək səlahiyyəti əldə edə bilər. Həmçinin uşaqların VPN istifadəsinin məhdudlaşdırılması və rəqəmsal razılıq yaşının dəyişdirilməsi də müzakirə olunur.


Səsvermədə deputatlar 307-yə qarşı 173 səslə tam qadağa təklifini rədd edib. Bununla belə, bəzi siyasətçilər və partiyalar hökumətin sosial medianın uşaqlara təsiri ilə bağlı daha sərt addımlar atmalı olduğunu bildirib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et