Naxçıvan Hava Limanına və Şəkərabad kənd orta məktəbinin yaxınlığına düşən dron hücumu nəticəsində 4 nəfər xəsarət alıb, infrastruktura ziyan dəyib. Naxçıvan hava limanın eniş-qalxış zolağı sıradan çıxıb.
Naxçıvan aeroportunun dron zərbələrindən sonrakı görüntüsü - 5 mart 2026
Hücum ilə bağlı politoloq Abutalıb Səmədov 24media.az-a açıqlamasında bildirib ki, İranın Azərbaycan ərazisini və mülki obyektləri dronla vurması iki ölkə prezidentinin münasibətləri yaxşılaşdırmaq üçün göstərdikləri cəhdlərə ciddi zərbə vurub:
“Ancaq ümid edək ki, İran vaxt itirmədən özünün yanlış addımını etiraf edəcək və bundan sonra bu cür addımların baş verməyəcəyi barədə öz üzərinə öhdəlik götürəcək. Əks halda, təbiidir ki, münasibətlərimizə bu dron hücumu ciddi təsir göstərəcək. 44 günlük Müharibə dövründə təsadüfən İranla sərhəddə düşən mərmilərə İran hakimiyyəti çox kəskin reaksiya verirdi. Mən güman edirəm ki, eyni operativ münasibəti indi də göstərib, öz səhvini etiraf eləməlidir.
Çox təəssüf ki, İran Amerika Birləşmiş Ştatları və İsrailin hücumları qarşısında düşünmədən cavab zərbələri endirir və Körfəz ölkələrinin bir çoxunu artıq özünə düşmən edib. Ümid edək ki, Azərbaycana endirilən bu dron zərbələri də başını itirmiş, dronları idarə edə bilməmiş bir hərbi ordunun davranışıdır və ümid edək ki, burda qəsd yoxdur. Əgər qəsd varsa, bu münasibətlərimizin uzun müddət pis olmasına gətirib çıxaracaq.
Əgər bundan sonra bu cür addımlar atılmasa, bu cür dron zərbələri və ya buna bənzər hadisələr baş verməsə, təbiidir ki, Cənubi Qafqazda sabitliyə heç bir təsir göstərə bilməz. Ancaq İran bu cür addımları bundan sonra da davam etdirsə, bu Cənubi Qafqazda sabitliyə ciddi təsir göstərəcək və İran üçün də çox ciddi problemlər yaradacaq”.
Nəzrin Nəsirova
