Bill Gates rəhbərlik etdiyi fondun əməkdaşları ilə görüşdə mərhum maliyyəçi Ceffri Epşteyn ilə bağlı münasibətlərinə görə məsuliyyət daşıdığını deyib. O, Epşteyn ilə vaxt keçirməyi “böyük səhv” adlandırıb və buna görə üzr istəyib. Gates qanunsuz heç bir addım atmadığını və qeyri-qanuni fəaliyyət görmədiyini bildirib.

Məlumata görə, Gates Epşteyn ilə ilk dəfə 2011-ci ildə görüşüb. O vaxt Epşteyn artıq yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə ittihamı ilə təqsirli bilinmişdi. Gates 2014-cü ilə qədər bir neçə dəfə onunla görüşdüyünü, lakin adasına getmədiyini və orada gecələmədiyini vurğulayıb.
Gates bildirib ki, Epşteyn xeyriyyə layihələri üçün maliyyə toplamaqda kömək edə biləcəyini deyib. Lakin sonradan fond onunla heç bir əməkdaşlıq qurmayıb və heç bir maliyyə ödənişi etməyib.
Gates-in keçmiş həyat yoldaşı Melinda Frenç Gates bu mövzunun evlilik dövründə onun üçün ağrılı olduğunu açıqlayıb. Epşteyn 2019-cu ildə həbsxanada vəfat edib və son açıqlanan sənədlərdən sonra Gates-in onunla əlaqələri yenidən müzakirə olunur.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
