Bu gün:

Rusiyalı əsgərlər BBC-yə danışıb


Dörd rusiyalı əsgər Ukrayna cəbhəsində öz tərəflərindəki dəhşətli şəraiti və vəhşilikləri ifşa edib. Onlardan ikisi BBC-yə bildirib ki, əmrə tabe olmayan əsgərlər yerindəcə güllələnib.

İlya (kimliyini gizli saxlamaq üçün adı dəyişdirilib)


Sənədli film çəkiliş qrupuna danışan bir əsgər deyib ki, onun gözü qarşısında bir əsgər öz komandirinin əmri ilə edam edilib. Həmin komandir 2024-cü ildə "Rusiya Qəhrəmanı" adına layiq görülüb.


"Hər şey gözümün qarşısında olub – cəmi iki-üç metr aralıda... çıqq, çıqq, bum", – deyə o əsgər hadisəni belə təsvir edib.


Başqa bir hərbi hissədən olan digər əsgər isə deyir ki, onun komandiri dörd nəfəri şəxsən özü güllələyib.


"Onları tanıyırdım", – deyə o, edam edilən əsgərlər haqqında danışır: "Birinin 'Vurma, hər şeyi edərəm!' ,– deyə qışqırdığını hələ də unuda bilmirəm".


Həmin əsgər həmçinin deyib ki, bir çuxurda öz silahdaşları tərəfindən "sıfırlanmış" 20 əsgərin cəsədini görüb. "Sıfırlamaq" rus hərbi jarqonunda öz adamını güllələmək mənasında işlədilir.


"The Zero Line: Inside Russia's War" adlı sənədli filmdə əsgərlər hücumlarda iştirak etməkdən imtina etdikləri üçün necə işgəncələrə məruz qaldıqlarını da ətraflı danışırlar. Onlar bu hücumları "intihar missiyası" adlandırırlar.


Rusiya hərbçiləri belə hücumlara "ət fırtınası" (meat storm) deyirlər. Bu taktika dalğa-dalğa əsgərləri cəbhə xəttinə sürərək Ukrayna qüvvələrini yormağa hesablanıb.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et