OSIRIS-REx missiyası tərəfindən Yerə gətirilən Bennu asteroidinin nümunələri üzərində aparılan son tədqiqatlar həyatın kimyəvi başlanğıcı haqqında təsəvvürlərimizi ciddi şəkildə dəyişə biləcək nəticələr ortaya qoyub. Alimlər asteroid tozunda həyat üçün vacib olan üzvi molekulların, xüsusilə amin turşularının mövcudluğunu və onların yaranma mexanizmini daha dəqiq analiz ediblər.
Əvvəllər hesab olunurdu ki, amin turşuları əsasən maye su olan, nisbətən isti mühitlərdə formalaşa bilər. Lakin Bennu nümunələrinin izotop analizi göstərib ki, bəzi amin turşuları çox soyuq, buzlu və güclü kosmik radiasiyaya məruz qalan mühitdə əmələ gəlib. Bu o deməkdir ki, həyatın əsas tikinti blokları yalnız planet səthlərində deyil, ulduzlararası və ya erkən Günəş sistemi şəraitində də formalaşa bilərdi.
Tədqiqatçılar xüsusilə ən sadə amin turşularından biri olan qlisin molekulunun izotop tərkibini araşdıraraq onun mənşəyinin aşağı temperatur şəraitinə uyğun gəldiyini müəyyən ediblər. İzotop nisbətləri göstərir ki, bu maddələr yüksək temperaturda su ilə zəngin mühitdə deyil, daha çox buzlu hissəciklər və radiasiya təsiri altında sintez olunub. Bu nəticə həyatın kimyəvi komponentlərinin kainatda daha geniş yayılmış ola biləcəyini göstərir. Əgər belə molekullar asteroidlərdə və kometalarda asanlıqla yarana bilirsə, deməli erkən Yer də bu cür kosmik cisimlərin toqquşması nəticəsində həyat üçün lazım olan maddələrlə zənginləşmiş ola bilər.
Bu kəşf astrobiologiya sahəsində mühüm addım sayılır, çünki o, həyatın yaranması üçün tələb olunan ilkin kimyanın düşündüyümüzdən daha universal ola biləcəyini göstərir. Başqa sözlə, həyatın başlanğıcı üçün lazım olan molekullar nadir və xüsusi şərtlərə bağlı olmaya bilər. Əksinə, onlar kosmosda geniş yayılmış, təbii proseslər nəticəsində formalaşan maddələr ola bilər. Bu isə kainatın başqa bölgələrində də həyatın mümkünlüyü ehtimalını artırır və gələcək kosmik missiyalar üçün yeni istiqamətlər müəyyənləşdirir.
Mənbə: Daily Science
Tərcümə etdi: Turqut Ansari
