Son elmi araşdırmalar göstərir ki, Ay milyardlarla il ərzində Yerin atmosferindən ayrılan hissəcikləri öz səthində toplayıb və bu proses indi də davam edir. Uzun müddət alimlər hesab edirdilər ki, Yerin güclü maqnit sahəsi atmosferi qoruyur və ondan ayrılan yüklü hissəciklərin Ay səthinə çatmasına mane olur.
![]()
Lakin yeni tədqiqat nəticələri göstərib ki, Yerin maqnit sahəsinin bəzi xətləri kosmosa, Ayın orbitinə qədər uzanır və Günəş küləyinin təsiri ilə atmosferdən ayrılan ionları Ay istiqamətinə “daşına” bilir. Yəni Ay təkcə Günəş küləyindən gələn hissəcikləri deyil, həm də Yerin öz atmosferindən çıxan maddələri yığır. Bu maddələrə azot, helium, su buxarı, karbon dioksid və digər uçucu birləşmələr daxildir və onlar Ay torpağının üst qatında iz kimi qalır. Məhz buna görə alimlər Apollo missiyaları zamanı gətirilən Ay torpağı nümunələrində Yer atmosferindən gələn izləri aşkara çıxarıblar.
Bu kəşf çox mühüm hesab olunur, çünki Ay torpağı bir növ “tarixi yaddaş” kimi Yerin atmosferində baş verən dəyişiklikləri saxlayır və bu məlumat əsasında alimlər Yer atmosferinin keçmişini, maqnit sahəsinin necə dəyişdiyini daha dəqiq öyrənə bilərlər. Eyni zamanda, Ay səthində toplanan bu maddələr gələcək kosmik missiyalar üçün də əhəmiyyət daşıyır: su və digər uçucu elementlər gələcək astronavtların istifadəsi üçün resurs ola bilər və Ayda uzunmüddətli baza qurulmasını asanlaşdıra bilər. Bundan əlavə, bu proses digər planetlərin atmosferlərinin taleyini anlamağa kömək edir; məsələn, Mars kimi zəif və ya demək olar ki, olmayan maqnit sahəsinə malik planetlərin niyə atmosferini itirdiyini izah etməyə yaxınlaşdırır.
Ümumilikdə, yeni tədqiqat göstərir ki, Ay “soyuq və cansız qaya”dan daha artıqdır - o, Yer atmosferinin izlərini özündə saxlayan kosmik arxiv rolunu oynayır və bu tapıntı kosmos elmi üçün mühüm dönüş nöqtəsi sayılır.
Mənbə: Live science
Tərcümə etdi: Turqut Ansari
