Alman bəstəkarı Lüdviq van Beethovenin orijinal saç nümunələri üzərində aparılan genetik araşdırma onun sağlamlıq problemlərinə işıq salmaqla yanaşı, ailə nəsli ilə bağlı gözlənilməz bir faktı da ortaya çıxarıb.

1827-ci ilin martında uzun sürən ağır xəstəlikdən sonra vəfat edən Lüdviq van Beethoven ömrünün son aylarını yataq xəstəsi kimi keçirib. Sarılıqdan əziyyət çəkən, bədəni şişən və nəfəs almaqda çətinlik çəkən bəstəkarın ölümündən sonra şəxsi əşyaları arasında illər əvvəl yazdığı bir sənəd tapılıb. Həmin sənəddə o, qardaşlarından sağlamlıq vəziyyəti barədə həqiqətləri ictimaiyyətə çatdırmağı xahiş edib.
Bu gün artıq məlumdur ki, dünya musiqi tarixinin ən böyük simalarından biri olan Beethoven 40 yaşlarının ortalarına çatanda demək olar ki, tamamilə kar olub. Onun eşitmə problemləri 20-li yaşlarında tinnitusla başlayıb, zamanla yüksək səslərə dözümsüzlük və yüksək tonları eşitməmək halına çevrilib. Bu isə onun ifaçı kimi karyerasına faktiki olaraq son qoyub.
2023-cü ildə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutundan olan alimlər Beethovenin autentik saç nümunələrindən DNA analizləri apararaq onun sağlamlıq problemlərinin səbəblərini araşdırmağa çalışıblar. Araşdırmanın əsas məqsədi bəstəkarın eşitmə itkisi və mədə-bağırsaq problemlərinin mənşəyini müəyyənləşdirmək olub.
Alimlər eşitmə itkisi və xroniki mədə-bağırsaq ağrılarının dəqiq səbəbini tapmasalar da, Beethovenin genlərində başqa bir gözlənilməz fakt aşkar olunub. Saç nümunələrindən əldə edilən Y xromosomu müasir dövrdə Beethovenin ata xətti üzrə qohumları ilə müqayisə edildikdə uyğunluq tapılmayıb.
Bu nəticə bəstəkarın doğumundan əvvəlki nəsillərdən birində nikahdankənar ata faktının mövcud ola biləcəyini göstərir. Tədqiqatçılara görə, bu hadisə təxminən 1572-ci ildə Belçikada doğulan Hendrik van Beethoven ilə 1770-ci ildə Almaniyanın Bonn şəhərində doğulan Lüdviq van Beethoven arasında keçən yeddi nəsildən birində baş verib.
Alimlərin sözlərinə görə, Beethovenin dünyaya çatdırmaq istədiyi tibbi həqiqətlər iki əsr sonra texnologiyanın imkanları sayəsində araşdırılsa da, nəticədə onun özü belə təsəvvür etmədiyi ailə sirri üzə çıxıb.
Mənbə: Science alert
Tərcümə etdi: Nərmin Məmmədzadə
