Bu gün:

İnsan beyni ilə bağlı maraqlı araşdırmalar aparılıb


Beynəlxalq Kosmik Stansiyada aparılan elmi tədqiqatlar zamanı insan beyin toxuması üzərində həyata keçirilən müşahidələr elm dünyasında ciddi maraq doğurub. Alimlər mikroqravitasiya şəraitində yetişdirilən beyin hüceyrələrinin Yer üzündəki oxşar hüceyrələrdən fərqli şəkildə inkişaf etdiyini müəyyən ediblər. Tədqiqat çərçivəsində laboratoriya şəraitində hazırlanmış beyin toxuması nümunələri kosmosa göndərilib, müəyyən müddət Beynəlxalq Kosmik Stansiyada saxlanılıb və bu müddət ərzində hüceyrələrin davranışı diqqətlə izlənilib. Aparılan analizlər nəticəsində hüceyrələr arasında əlaqələrin daha sürətli formalaşıb möhkəmləndiyi, bəzi neyron şəbəkələrinin isə Yer şəraitinə nisbətən daha aktiv işlədiyi müşahidə olunub.

Araşdırma zamanı beyin hüceyrələrinin stressə reaksiyası, oksigen istifadəsi və enerji mübadiləsi də öyrənilib. Alimlər mikroqravitasiyanın hüceyrə səviyyəsində dəyişikliklərə səbəb olub genlərin fəaliyyətinə təsir göstərdiyini, bəzi genlərin aktivliyinin artıb, bəzilərinin isə zəiflədiyini qeyd ediblər. Əldə olunan nəticələr kosmosda uzunmüddətli qalmağın insan beyni üzərində göstərə biləcəyi təsirləri anlamaq baxımından mühüm hesab olunub. Eyni zamanda toplanan məlumatların Yer üzündə neyroloji xəstəliklərin araşdırılmasında da istifadə edilə biləcəyi vurğulanıb.

Tədqiqatçılar bildiriblər ki, kosmos mühiti beyin toxumasının inkişaf prosesini daha aydın müşahidə etməyə imkan yaradıb. Yer üzündə cazibə qüvvəsinin təsiri altında gizli qalan bəzi hüceyrə mexanizmləri kosmos şəraitində daha açıq şəkildə üzə çıxıb. Bu səbəbdən aparılan təcrübələrin yalnız kosmos elmi üçün deyil, eyni zamanda tibb və neyrobiologiya sahələri üçün də yeni imkanlar açıb.

Mənbə: Haberglobal

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et