24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylidir. O, yeni media jurnalistikası barədə ünvanladığımız sualları cavablayıb.

Yeni media jurnalistikası ilə məşğul olmağın asan və çətin cəhətləri nədir?
Yeni media jurnalistikaya təzə alətlər gətirir, davranış və keyfiyyətlər qazandırır. Hazırda sosial media platformaları, canlı yayımlar, "podcast"lar və s. geniş yayılıb. Artıq mətbuat daha əlçatandır, operativ şəkildə məlumat almaq mümkündür.
Burada interaktivlik və oxucu müşahidəsini xüsusi vurğulamaq lazımdır. Mətbuat orqanları oxucularının münasibəti və ya verdikləri informasiya əsasında xəbər siyasəti formalaşır. Beləliklə, media nümayəndəsi ilə oxucu arasında özünü onun yerinə qoyma - məşhur "empatiya" ifadəsi ortaya çıxır. Oxucu tələblərinə əsasən gündəm müəyyənləşir.
Yeni media təsdiqlənmə ehtiyacı da duyur. İnformasiyanın doğruluğunu təsdiqləmək, manipulyasiyanı dəf etmək önəmlidir. İnternet və sosial media hər kəsi informator olmağa imkan verir. Nəticə etibarilə ənənəvi medianın əhəmiyyəti azalır. Mətbuat orqanı ənənəvi oxucu auditoriyasını itirir. Bu da ənənəvi mətbuatda cəmləşən peşəkarların yeni media ilə ayaqlaşması, rəqabət aparması zərurətini yaradır. Sıradan saytlar günə 100-dən çox xəbər tirajlayır. Bu, media nümayəndələrində stress, tələskənlik, həmçinin psixoloji problemlər yaradır.
Nizam Məhərrəmov
