Braziliya sabiq prezidenti Jair Bolsonaronun hüquq-mühafizə orqanları tərəfindən evində axtarış aparılıb, xarici diplomatlarla əlaqə saxlaması qadağan edilib və ölkədən qaçmaq ehtimalına görə elektron ayaq bilərziyi taxmağa məcbur edilib.
Ali Məhkəmədə 2022-ci il seçkilərində uduzduqdan sonra hakimiyyəti qanunsuz yolla ələ keçirməyə cəhd etməkdə ittiham olunan Bolsonaro ilə bağlı istintaq yekunlaşmaq üzrədir.
Onun günahkar elan olunacağı geniş şəkildə gözlənilir. Siyasi rəqiblər isə bildirirlər ki, 43 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnə biləcək hökmdən yayınmaq üçün Bolsonaro ya xarici səfirliklərdən birinə sığınmağa, ya da ölkəni tərk etməyə cəhd edə bilər. 2024-cü ilin fevralında Bolsonaro pasportu müsadirə edildikdən sonra iki gecəni Budapeştdəki Macarıstan səfirliyində keçirib.
Son günlər ABŞ prezidenti Donald Trumpın Braziliyaya 50%-lik tarif tətbiq edəcəyini açıqlamasından sonra Bolsonaronun ölkədən qaçacağı ilə bağlı narahatlıqlar artıb. Trump bu addımın səbəbini “sağçı müttəfiqinə qarşı aparılan cadugərlik ovuna” etiraz olaraq izah edib. O, həmçinin sosial mediada Bolsonaroya məktub paylaşaraq onun Braziliya hökuməti tərəfindən “dəhşətli şəkildə rəftara” məruz qaldığını iddia edib.
Ağ Evin bu açıqlamasından bir neçə saat sonra paytaxtın Botanika bağı adlanan elit məhəlləsində yerləşən Bolsonaronun evinə ağır silahlı polis qüvvələri gəlib. Polis qısa açıqlamada iki axtarış əməliyyatı həyata keçirildiyini və “qabaqlayıcı tədbirlər” görüldüyünü təsdiqləyib.
Məlumatda həmin tədbirlərin detalları qeyd olunmasa da, yerli mediada Bolsonaronun ayağına elektron nəzarət bilərziyi taxılması, axşam saat 19:00-dan səhər 07:00-dək və həftə sonları evdə qalmaq öhdəliyi, xarici diplomatlarla əlaqə və diplomatik nümayəndəliklərə daxil olmaq qadağası kimi tədbirlərin tətbiq olunduğu bildirilib. Bundan əlavə, Bolsonaroya milyonlarla izləyicisinin olduğu sosial şəbəkələrdən istifadə etmək də qadağan edilib.
TV Globo kanalı isə polis əməliyyatı zamanı iki mərtəbəli villada 14 min dollar nağd pul və hamamda gizlədildiyi iddia edilən USB yaddaş cihazının tapıldığını xəbər verib.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
