1950 və 60-cı illərdə dünya şöhrəti qazanmış amerikalı pop müğənni Connie Francis 87 yaşında vəfat edib. Bu barədə məlumatı onun yaxın dostu və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ron Roberts yayıb. Ölüm səbəbi açıqlanmayıb.
Əsl adı Concetta Rosemarie Franconero olan müğənni 1937-ci il dekabrın 12-də ABŞ-nin Nyu-Cersi ştatında anadan olub. Atası George Franconero tərəfindən uşaq yaşlarından musiqiyə yönləndirilib, 4 yaşında akkordeon çalmağa, 9 yaşında isə televiziya proqramlarında çıxış etməyə başlayıb.
Musiqi karyerasında dönüş nöqtəsi məşhur “American Bandstand” proqramında Dick Clark tərəfindən dəfələrlə səhnəyə dəvət olunması ilə baş verib. Francis sonralar bu barədə demişdi: “Əgər Dick Clark olmasaydı, yəqin ki, musiqini çoxdan tərk etmişdim.”
1957-1964-cü illər ərzində Francis “Who’s Sorry Now?”, “Stupid Cupid” və “Don’t Break the Heart That Loves You” kimi mahnılarla ABŞ hit-paradlarında daim ön sırada olub. Mahnılarını italyan, ispan və digər dillərdə də səsləndirərək beynəlxalq şöhrət qazanıb.
Lakin musiqi karyerası uğurlu olsa da, şəxsi həyatı faciələrlə yadda qalıb. Gənclik sevgisi Bobby Darin ilə münasibəti atasının müdaxiləsi səbəbilə pozulub. 1974-cü ildə otel otağında təcavüzə məruz qalması, 1981-ci ildə qardaşının qətlə yetirilməsi və daha sonra psixiatrik müalicə alması onun həyatında dərin izlər buraxıb.
Connie Francis dörd dəfə ailə həyatı qurub, lakin yalnız bir evliliyində xoşbəxt olduğunu bildirib. O, bir dəfə intihara cəhd etsə də, sağ qalmış və uzun müddət psixoloji mübarizə aparıb.
Connie Francis-in səsi və mahnıları onu XX əsrin pop musiqisinin ən tanınmış simalarından birinə çevirmişdi. Onun musiqi irsi hələ də dünya musiqi tarixində öz yerini qoruyur.
Mənbə: AP
Tərcümə etdi: Nəsibli Nəzakət
