Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa İsrailin Suveyda vilayətinə endirdiyi hava zərbələrindən sonra druz icmasını qoruyacağına söz verib. O, hökumət qüvvələrinin dini azlıqlara, xüsusilə, druzilərə qarşı hücum etdiyini iddia etdiyi silahlı qrupları “məhv edəcəyini” bəyan edib.
Çərşənbə günü İsrailin Dəməşqə hava hücumlarından sonra ilk dəfə televiziya vasitəsilə çıxış edən əl-Şaraa, druz vətəndaşların təhlükəsizliyinin onun üçün əsas prioritet olduğunu bildirib. O, suriyalıların müharibədən qorxmadığını da vurğulayıb.
Suriya dövlət mediasının məlumatına görə, ordu druz liderləri ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində Suveyda vilayətindən geri çəkilməyə başlayıb. Lakin bu razılaşmanın davamlı olub-olmayacağı hələlik qeyri-müəyyəndir.
Qeyd edək ki, bazar günü Suveyda vilayətində druz milisləri ilə bədəvi tayfalar arasında baş verən məzhəb qarşıdurmalarında 350-dən çox insanın həlak olduğu bildirilir.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
