Bu gün:

Əkrəm İmamoğlu yenidən hakim qarşısına çıxıb


İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğlu bu gün Akın Gürlək barəsində səsləndirdiyi fikirlərlə bağlı açılan cinayət işi üzrə növbəti dəfə məhkəmə qarşısına çıxıb.

İmamoğlu, “təhdid və terrorla mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək” ittihamı ilə mühakimə olunur. Prokurorluq onun 7 il 4 aya qədər həbs olunmasını, vəzifədən uzaqlaşdırılmasını və seçki hüququndan məhrum edilməsini tələb edir. 

Müdafiə tərəfi əlavə vaxt istədiyi üçün proses bu gün davam etdirilir. Məhkəmənin hökmü də bu gün açıqlana bilər.

İclasda CHP lideri Özgür Özəlin də iştirak edəcəyi gözlənilir. O, İmamoğlunu Silivridə yerləşən Marmara Cəzaevində ziyarət edəcək.

İmamoğlu müdafiəsində bildirib: “İstanbul’u qazanan Türkiyə’ni qazanar” deyən düşüncəyə qarşı seçimi qazandığım üçün buradayam. Amma siz məni bu millətin könlündən silə bilməzsiniz”.

Məhkəmə prosesi əvvəllər Çağlayan Ədliyyəsində keçirilməli idi, lakin daha sonra Silivridəki məhkəmə zalına köçürülüb. CHP nümayəndələri bu dəyişiklikləri siyasi motivli addım kimi qiymətləndirib.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva 



Paylaş
Şərh əlavə et