Bad Bunny və adidas artıq bir neçə ildir ki, əməkdaşlıq edir və bu əməkdaşlıq olduqca uğurludur. Hətta elə insanlar var ki, musiqiçini məhz brendlə olan kollaborasiyaları sayəsində tanıyır.
Onlar birlikdə Forum Low kimi məşhur modellərin bir neçə interpretasiyasını və daha az gözlənilən birgə buraxılışlar təqdim ediblər. Bütün bu idman ayaqqabıları böyük maraqla alınıb. Bu səbəbdən də Bad Bunny və adidas əməkdaşlıqlarını davam etdirməyə qərar veriblər. Bu yay sənətçi Adidas Originals ilə yeni birgə kolleksiya təqdim edib. Bu kolleksiya vasitəsilə o, öz vətəni olan Puerto-Rikonun mənzərələrinə və mədəni zənginliyinə ehtiramını bildirir.
Seriyanın adı Gazelle City-dir. Adından da göründüyü kimi, əsas götürülən siluet adidas-ın məşhur əsas modellərindən biri olan Gazelle-dir. Bu model üç rəngdə yenidən işlənib və bu rənglər adanın ən önəmli məkanlarını simvollaşdırır. Rənglərdən biri “El-Yunke”dir. Bu ad adada yerləşən tropik meşəyə işarə edir. Bu səbəbdən, ayaqqabılar canlı yaşıl çalarlarda hazırlanıb. WWD nəşrinin məlumatına görə, bu, ABŞ meşə sistemindəki yeganə tropik meşənin bioloji müxtəlifliyinə və mədəni irsinə göstərilən hörmətdir.
Santurse parlaq narıncı rəngdə təqdim olunub. Rəngin adı Puerto-Rikonun paytaxtı San-Xuanın ən böyük və ən sıx məskunlaşmış rayonuna istinaddır. Parlaq narıncı rəng Puerto-Riko musiqisinin, rəqslərinin və müasir yaradıcılıq enerjisinin episentrini simvollaşdırır.
Kabo-Roxo parlaq çəhrayı rəngdə canlanır. Bu assosiasiya da təsadüfi deyil. Əslində, Kabo-Roxo Puerto-Rikonun cənub-qərbində yerləşən bir bələdiyyədir. Bu yer həm də “Qırmızı burun” adı ilə tanınır. Bunun səbəbi isə ərazidəki əhəngdaşı qayalarının və duzlu bataqlıqların qırmızımtıl çalarlarıdır.
Tributun orijinallığını ön plana çıxarmaq üçün adidas elan edib ki, Gazelle City seriyasının bəzi rəngləri yalnız Puerto-Riko sakinləri üçün əlçatan olacaq. Gazelle El Yunque və Santurce modelləri 11 iyulda Puerto-Rikoda satışa çıxarılacaq. Gazelle Cabo Rojo modeli isə daha sonra bütün dünyada təqdim olunacaq.
Bu buraxılış, 2025-ci ilin əvvəlində satışa çıxarılan və qısa zamanda tükənən Ballerina adlı viral siluetli idman ayaqqabısından sonra təqdim olunur. Həmin kollaborasiya, əslində 2000-ci illərin əvvəllərində döyüş sənətləri ustaları üçün yaradılmış ikonik Adidas Taekwondo modelindən ilham almışdı. Yeni versiyada ayaqqabılar sürətli bağlama sistemi ilə təchiz olunub, müxtəlif teksturalarda hazırlanıb və ergonomik, alçaq siluetə malikdir. Əlbəttə ki, dizaynda Benito yazısı kimi Bad Bunny-nin əsl adına istinad edən detallara və daban hissəsində yerləşən ölçü etiketi kimi elementlərə də yer verilib.
Mənbə: srsly.ru
Tərcümə etdi: Fatimə Umarbəy
