Pandemiya dövrünün evdən işləmə mirasından qurtulmaq istəyən Starbucks qəhvə şəbəkəsi ABŞ və Kanadadakı ofis işçilərinə həftədə dörd gün ofisə gəlməyi tapşırdı.

İndiyədək Starbucks işçiləri həftədə üç gün ofisdə işləməli idilər, indi isə oktyabrdan etibarən bazar ertəsindən cümə axşamına kimi işə gəlməli olacaqlar.
Demək olar ki, bütün vaxtlarını ofisdə keçirmək istəməyənlər işdən ayrılmalı olacaqlar. Onlara birdəfəlik ödəniş təklif olunacaq.
Amazon və ya JP Morgan bankı kimi digər böyük Amerika şirkətləri də evdən işləməyə tədricən son qoyurlar.
Bununla belə, Stanford Universiteti də daxil olmaqla bir neçə universitetdən olan tədqiqatçılar komandası müəyyən edib ki, ümumilikdə ABŞ-da evdən işləyənlərin payı sabit olaraq qalır.
Onların hesablamalarına görə, evdən işləyə bilən işçilərin təxminən üçdə biri tamamilə ofisə qaytarılıb. Təxminən beşdə biri hələ də tamamilə evdən işləyir və təxminən 45% qarışıq qrafiklə çalışır.
Starbucks-a gəldikdə isə, onun rəhbəri Brayan Nikkol işçilərə açıq məktubunda bildirib ki, ofislərə qayıdışın işin keyfiyyətini artıracağına və satışların azalması ilə mübarizədə kömək edəcəyinə inanır.
“Başa düşürük ki, bu yeni yanaşma ilə hamı razılaşmayacaq. Biz hər kəsi diqqətlə dinlədik və ətraflı düşündük. Amma biz hesab edirik ki, insan əlaqələri üzərində qurulmuş şirkətimiz üçün bu düzgün yoldur”, – deyə Nikkol yazıb.
Nikkol özü bir il əvvəl Starbucks-a gəlmişdi, müqaviləyə əsasən onun Kaliforniyadan şirkətin baş ofisinin yerləşdiyi Sietlə köçməsi tələb olunmurdu. Əvəzində müqavilə Kaliforniyada onun üçün kiçik şəxsi ofis yaradılmasını nəzərdə tuturdu. Amma nəticədə o, Sietldə ev aldı.
Ofislərə qayıdış Nikkolun şirkətin biznesini canlandırmaq üçün həyata keçirdiyi dəyişikliklərin yalnız bir hissəsidir. Onun planlarına məhsul çeşidinin yenidən nəzərdən keçirilməsi, insanların heç nə almadan qəhvədüzlərdə oturmasına və tualetlərdən istifadə etməsinə icazə verən qaydaların ləğvi daxildir.
Bundan əlavə, fevral ayında şirkət 16 min ofis işçisindən 1100 nəfərin ixtisara salındığını elan etdi. Birbaşa qəhvədüzlərdə və anbarlarda işləyənlərə bu ixtisar təsir etmədi.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Əhmədova
