“Sərhədsiz Həkimlər” (MSF) təşkilatı bildirib ki, Efiopiya hökumət qüvvələri 2021-ci ildə Tiqray bölgəsində üç əməkdaşını — ispan vətəndaşı Mariya Ernandes Matası, efiopiyalı Yohannes Halefomu və sürücü Tedros Gebremariamı qəsdən və yaxın məsafədən güllələyərək öldürüb.
Təşkilatın apardığı araşdırmaya əsasən, hadisə zamanı əməkdaşlar MSF-uniformasında olublar, istifadə etdikləri maşında təşkilatın bayrağı və loqosu aydın görünürmüş. Onların cəsədləri yandırılmış avtomobildən bir qədər aralıda tapılıb. MSF peyk görüntüləri və şahid ifadələri əsasında əsgərlərin həmin ərazidə olduğunu müəyyənləşdirib.
Təşkilat son dörd il ərzində Efiopiya hökumətindən rəsmi cavab ala bilmədiyinə görə araşdırmanın nəticələrini ictimaiyyətlə bölüşüb və məsul şəxslərin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, Tiqray münaqişəsi 2020–2022-ci illərdə baş verib və 600 min nəfərin həyatına son qoyub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
