Bu gün:

Gənclərə könüllülük sahəsi hələ də maraqlıdırmı?


Son illərdə Azərbaycanda könüllülük fəaliyyəti gənclər arasında həm sosial inkişaf vasitəsi, həm də karyera pilləsində irəliləyiş imkanı kimi populyarlaşıb. ASAN Könüllüləri, Bir Könüllü, Aqrar İnkişaf Könüllüləri və digər platformalarda minlərlə gənc müxtəlif sahələrdə təcrübə qazanıb. Lakin bu gün könüllülük anlayışına baxış dəyişməkdədir. Gənclər arasında motivasiya azalır, yoxsa könüllülük yeni formaya keçir?

 Son dövrlərdə bir çox layihədə iştirak edən gənclər könüllülüyə fərqli yanaşır. Bəziləri bu fəaliyyəti şəxsi inkişaf və sosial fayda üçün bir fürsət hesab etsə də, digərləri artıq təkrarçı fəaliyyətlərdən yorulduqlarını qeyd edir. Eyni formatda təşkil olunan tədbirlər, passiv idarəetmə və qeyri-səmimi yanaşma bəzi gənclərdə ruh düşkünlüyünə səbəb olub.

 Mütəxəssislər qeyd edir ki, bu gün gənclər praktik və nəticə yönümlü fəaliyyətlərə üstünlük verir. Könüllülük artıq yalnız ictimai fayda deyil, şəbəkələşmə, xarici təcrübələrə qatılmaq, beynəlxalq platformalarda tanınmaq üçün bir pillədir.

 Statistika nə deyir?

Gənclərin könüllü fəaliyyətə qatılma dinamikası hələ də güclü qalır.

2024-cü ilin yanvar ayında keçirilmiş “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində ölkə üzrə 20 mindən artıq könüllü müxtəlif ekoloji, sosial və maarifləndirici aksiyalarda iştirak edib.

 Bununla yanaşı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin hesabatına əsasən, 23 844 gənc il ərzində müxtəlif yarış, müsabiqə və ictimai layihələrdə könüllü olaraq iştirak edib.

 Bu statistika göstərir ki, gənclər arasında könüllülüyə maraq davam edir. Lakin bu marağı uzunmüddətli saxlamaq üçün keyfiyyətli fəaliyyətlər və şəffaf imkanlar təqdim edilməlidir.

Mövcud durumu dəyişmək üçün həm təşkilatlara, həm də gənclərə müəyyən tövsiyələr:

• Təkrarlanan və formal tədbirlər əvəzinə yaradıcı və interaktiv fəaliyyətlər təşkil olunmalıdır;

• Gənclərin fəaliyyəti real nəticələrlə qiymətləndirilməli, onların təkliflərinə yer verilməlidir;

Könüllülük layihələrinə beynəlxalq proqramlar və təlimlər inteqrasiya edilməlidir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et