Bu gün:

Hermes tərəfindən hazırlanan dünyanın ən bahalı əl çantası rekord qiymətə satılıb


Əsl Hermès çantası, cazibədar model Birkin-in prototipi olan, aktrisa və müğənni Ceyn Birkinə məxsus olan çanta Sotheby’s hərracında 10,1 milyon dollara satılıb və bu, hərracda satılan ən bahalı çanta olub.

Alıcı, adı açıqlanmayan Yaponiyalı şəxsi kolleksiyaçıdır.

Əvvəlki rekord isə 2021-ci ildə timsah dərisindən və brilyantlarla bəzədilmiş Hermès Kelly çantasına məxsus idi. O çanta 513 min dollara satılmışdı.

Hərrac evinin məlumatına görə, Birkin çantası təxminən 10 dəqiqə davam edən və doqquz çox maraqlı alıcının iştirak etdiyi satış zamanı satılıb.

Ən arzuolunan dəb aksessuarı

Qara dəridən hazırlanmış bu çanta 1985-ci ildə müğənni və aktrisa Ceyn Birkin üçün yaradılıb. O, Hermès-in idarə heyətinin sədri Jan-Lui Duma ilə təyyarədə yanaşı oturarkən çantasını yerə salıb və içindəkilər tökülüb. Həmin anda Ceyn Birkin qonşusuna belə bir sual verib: niyə moda evi daha böyük ölçülü və rahat cibləri olan çantalar hazırlamır?

Jan-Lui Duma sonradan aktrisanın istəklərinə uyğun bir qadın çantası üçün eskiz çəkib. Daha sonra Hermès moda evi bu dizayna sahib çantanı satışa çıxarıb və bu aksessuar zamanla dünyanın ən tanınan və ən çox arzulanan lüks aksessuarlarından birinə çevrilib.

1994-cü ildə Ceyn Birkin bu Hermès çantasını hərraca çıxardıvə satışdan əldə edilən gəliri SPID-ə qarşı mübarizə aparan xeyriyyə təşkilatına bağışladı.

Sotheby’s hərrac evinin nümayəndəsi Morqan Halimi bildirib ki, çantanın satıldığı qiymət bu əfsanənin “heyrətamiz gücünü” və kolleksiyaçıları unikal tarixçəsi olan əşyaları almağa sövq etmə qabiliyyətini göstərir.

“Birkin çantasının prototipi – bu məhz elə bir əşyadır, qeyri-adi bir hekayənin başlanğıcı olan, bizə müasir bir ikona – dünyanın ən arzu olunan çantası Birkin-i bəxş edən bir əşya”– deyə Halimi vurğulayıb.

Hazırda bəzi Birkin modelləri on minlərlə dollara satılır. Bu çantalara sahib olan məşhurlar arasında Keyt Moss, Viktoriya Bekhem və Cennifer Lopes var.

Mənbə: bbc

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et