The Velvet Sundown” adlı yeni musiqi qrupu bir neçə həftə ərzində Spotify-da 1 milyondan çox dinlənmə qazanıb. Lakin sonradan məlum olub ki, musiqiləri, tanıtım şəkilləri və hətta bioqrafiyaları da daxil olmaqla bu musiqi qrupu süni intellekt tərəfindən yaradılıb.

Bu hadisə musiqidə orijinallıq məsələsini gündəmə gətirib. Musiqi sahəsinin nümayəndələri bildirirlər ki, dinləyicilər dinlədikləri musiqinin süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını bilməlidirlər və bu səbəblə, yayımlama platformaları belə əsərləri açıq şəkildə qeyd etməlidirlər.
İlk olaraq, “insan yaradıcılığı ilə yönləndirilmiş sintetik musiqi layihəsi” kimi təqdim edilən bu “qrup” özlərinin Sİ (Süni İntellekt) vasitəsilə yaradıldığını inkar edib. Onlar iyun ayında “Floating On Echoes” və “Dust And Silence” adlı iki albom yayımlayıblar və musiqiləri Crosby, Stills, Nash & Young üslubuna bənzədilib.
Lakin sonradan özünü “əlavə üzv” kimi təqdim edən biri bildirib ki, Velvet Sundown mahnılarını yaratmaq üçün Suno adlı generativ Sİ platformasından istifadə edib və bu layihənin, əslində, bir “incəsənət fırıldağı” olduğunu deyib.
Qrupun rəsmi sosial media hesabları bu iddiaları inkar etsə də, daha sonra yayımladıqları açıqlamada qrupun süni intellekt əsasında yaradıldığını təsdiqləyiblər. Onlar “nə tam insan, nə də tam maşın” olduqlarını, lakin “ikisi arasında bir yerdə yaşadıqlarını” qeyd ediblər.
Bir çox sənaye nümayəndələri bildirib ki, Spotify və digər platformalarda hazırda süni intellektlə yaradılan musiqi mənbələri göstərilmir və bu, dinləyiciləri əsərin mənşəyindən xəbərsiz buraxır.
İvors Akademiyasının icraçı direktoru Roberto Neri qeyd edib ki, Velvet Sundown kimi Sİ qrupları insan yaradıcılarının iştirakı olmadan geniş auditoriyaya çata bildikləri üçün bu vəziyyət şəffaflıq, müəlliflik və razılıq məsələlərində ciddi suallar doğurur. O əlavə edib ki, süni intellekt etik şəkildə istifadə olunarsa, bəstəkarlıq prosesini zənginləşdirə bilər, lakin hazırda bu texnologiyanın istifadəsi ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Britaniya Fonogram Sənayesi Assosiasiyasının strateji direktoru Sofi Cons da açıq etiketlənməni dəstəkləyib və bildirib ki, Sİ insan yaradıcılığını əvəz etməməli, ona dəstək olmalıdır. O, Böyük Britaniya hökumətini müəllif hüquqlarını qorumağa və Sİ şirkətləri üçün şəffaflıq öhdəlikləri yaratmağa çağırıb.
“Mood Machine: Spotify-ın yüksəlişi və mükəmməl pleylistin bədəli” kitabının müəllifi Liz Pelli bildirib ki, müstəqil musiqiçilər Sİ tərəfindən sui-istifadəyə məruz qala bilərlər, çünki bu texnologiyalar bəzən onların musiqiləri ilə təlimləndirilib.
O, 2023-cü ildə The Weeknd və Drake-in səsləri kimi təqdim olunan bir Sİ mahnısının TikTok, Spotify və YouTube-da yayımlanmasına və sonra müəllif hüquqlarının pozulduğu üçün qısa müddət sonra silinməsinə istinad edib.
Hazırda Velvet Sundown albomlarının hansı musiqi nümunələri ilə təlimləndirildiyi məlum deyil. Tənqidçilər qeyd edirlər ki, bu qeyri-müəyyənlik müstəqil musiqiçilərin kompensasiyadan məhrum qalmasına səbəb ola bilər.
Pelli əlavə edib ki, yalnız pop ulduzlarının deyil, bütün sənətçilərin öz işlərinin bu cür istifadə olunmasından xəbərdar olmaq və öz hüquqlarını qorumaq imkanları olmalıdır.
Bəziləri üçün Velvet Sundown-un ortaya çıxması musiqi və Sİ texnologiyalarının birləşməsinin növbəti məntiqi addımı hesab olunur. Amma qanunvericilik hələ də bu sürətli dəyişikliklərlə ayaqlaşa bilmir.
Sofi Cons bildirib ki, bu vəziyyət texnologiya şirkətlərinin süni intellekti müəllif icazəsi və ödəniş olmadan yaradıcı əsərlərlə təlimləndirdiyini və bu yolla insan sənətinə rəqabət yaratdığını göstərir.
Roberto Neri əlavə edib ki, Böyük Britaniya etik Sİ istifadəsində lider ola bilər, lakin bunun üçün möhkəm hüquqi çərçivələr olmalıdır. Bu çərçivələr müəlliflərin razılığını, ədalətli ödənişi və dinləyicilər üçün şəffaf etiketləməni təmin etməlidir. Əks halda, Sİ texnologiyası musiqi axını sahəsindəki eyni səhvləri təkrar edə bilər – böyük texnologiya şirkətləri qazanır, musiqi yaradıcıları isə geridə qalır.
Deezer platformasının innovasiya direktoru Aurelien Herault bildirib ki, onların sistemləri Si tərəfindən yaradılan musiqini aşkar edib etiketləyə bilir. Onun sözlərinə görə, platformalar hazırda şəffaf olmalı və istifadəçiləri bu musiqinin necə yaradıldığı barədə məlumatlandırmalıdırlar. Lakin gələcəkdə, əgər süni intellekt bir “alət” kimi qəbul olunarsa, bu etiketlərin ləğv edilə biləcəyini də istisna etməyib.
Deezer Guardian-a bildirib ki, platformadakı Sİ musiqisinin 70 faizə qədəri saxtakarlıq ehtiva edir.
Hazırda Spotify Sİ ilə yaradılmış musiqini etiketləmir. Şirkət əvvəllər bəzən “ghost artist” (xəyali sənətçi) adlı saxta adlar altında standart musiqilər paylaşmaqla da tənqid olunub.
Spotify sözçüsü bildirib ki, platforma Sİ musiqilərinə üstünlük vermir və “bütün musiqilər, o cümlədən Sİ ilə yaradılanlar lisenziyalı üçüncü tərəflər tərəfindən yaradılır, onlara məxsusdur və platformaya yüklənir”.
Mənbə:The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
