WWF-Türkiyənin qığırdaqlı balıqlar üzrə məsləhətçisi Dr. Hakan Kabasakal bildirib ki, Marmara dənizindəki oksigen çatışmazlığı yüksək oksigenə ehtiyac duyan köpəkbalığı kimi qığırdaqlı balıqların sahilə yaxınlaşmasına səbəb olub. Onun sözlərinə görə, bu balıqların çoxu Şimali Atlantikdən gəlir və yalnız bir neçə növ Aralıq dənizinə məxsusdur. Bəziləri isə Süveyş kanalı vasitəsilə Türkiyə sularına daxil olub.

Kabasakal qeyd edib ki, bu balıqların metabolizması sürətli olduğundan oksigenə tələbatları yüksəkdir. Normal yaşamaq üçün 1 litr suda azı 4,5 milliqram oksigenə ehtiyac duyurlar. Hazırda isə Marmara dənizinin dərin qatlarında bu göstərici bəzi yerlərdə 1 milliqramdan da aşağıdır. 200 metrdən dərin bölgələrdə oksigen sıfıra enib. Kirlilik və iqlim dəyişikliyi nəticəsində dərin sular oksigensiz qaldığı üçün bu balıqlar kütləvi şəkildə sahil sularına çəkiliblər.
O vurğulayıb ki, bu balıqlar insanlar üçün təhlükə yaratmır. Çünki iri və aqressiv növlər artıq illər əvvəl Marmara dənizindən çəkilib. Sahilə yaxınlaşanlar əsasən 2 metrə qədər böyüyən və insandan çəkinən növlərdir.
Lakin bu balıqlar yeni yaşayış sahəsi axtararkən sahil balıqçılarının hədəfinə çevrilirlər. Kabasakal deyib ki, son üç il ərzində aparılan araşdırmalar zamanı bu növlərin sahildə çoxaldığı dövrlər müşahidə edilib, lakin 2024-cü ildə onların sayı kəskin azalıb. Dərin sularda oksigen olmadığından nə geri qayıda, nə də miqrasiya etdikləri bölgələrdə balıqçılıq təzyiqindən uzaq qala bilirlər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
