Suriyanın cənubunda yerləşən Süveyda vilayətində sünni bədəvi tayfalarla Dürzi döyüşçüləri arasında baş verən silahlı qarşıdurmalar nəticəsində azı 30 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər açıqlanır və ölkənin Daxili İşlər Nazirliyi 30, İnsan Hüquqları Müşahidə Mərkəzi isə 37 nəfərin öldüyünü bildirib.
Toqquşmalar prezident Bəşər Əsədin devrilməsindən sonra ölkədə davam edən siyasi qeyri-sabitlik fonunda baş verir. Yeni islam yönümlü hökumət ölkədə nəzarəti bərpa etməyə çalışsa da, azlıqda olan dini qruplar, xüsusilə Dürzi icması təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edirlər.
Rəsmi qurumlar və dini liderlər əhalini təmkinli olmağa və islahatlara dəstək verməyə çağırır. Son aylarda Ələvi azlığı da daxil olmaqla digər dini icmalara qarşı hücumlar artıb.
Beynəlxalq səviyyədə isə Qərb ölkələri Suriya ilə diplomatik münasibətləri bərpa etməyə çalışır. ABŞ Hayat Təhrir əş-Şam (HTŞ) qruplaşmasını terror siyahısından çıxarıb. Britaniyanın xarici işlər naziri Devid Lammi isə son 14 ildə Suriyaya səfər edən ilk britaniyalı nazir olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
