İngiltərədə daş karxanasında işləyən fəhlə təsadüfən planetin tarixindəki ən maraqlı kəşflərdən birinə səbəb olub, 166 milyon illik dinozavr izlərinə rast gəlinib. Alimlər bu yeri “dinozavr magistralı” adlandırırlar.

Karxana işçisi Dewars Farm Quarry-də işləyərkən yerdə qəribə izlər görüb və bu barədə mütəxəssislərə məlumat verib. Nəticədə, əraziyə gələn paleontoloqlar təxminən 200-ə yaxın dinozavr ayaq izi aşkarlayıblar.
Bu izlər beş fərqli yol (trackway) boyunca uzanır. Araşdırmalara əsasən, bu izlərdən dördü sauropod adlı uzun boyunlu ot yeyən dinozavrlara, biri isə Megalosaurus adlı ətyeyən yırtıcıya aiddir.
Tapılan ən uzun iz xətti 150 metrdən artıqdır. Alimlər bildirirlər ki, bu ayaq izləri yalnız dinozavrların istiqamət və davranışlarını deyil, həm də Yura dövründəki ətraf mühiti öyrənmək baxımından əvəzsiz mənbədir. İqlim və relyef şəraitinə dair detallı analizlər aparılır.
Araşdırma qrupunun rəhbəri, Oksford Universitetindən olan Dr. Karl Benton deyib:
“Bu, təkcə Britaniyada deyil, dünya miqyasında da paleontologiya sahəsində çox böyük kəşfdir. Dinozavrların real həyatdakı hərəkət yollarını izləmək imkanı çox nadir hallarda yaranır.”
Kəşf BBC-nin məşhur “Digging for Britain” verilişində geniş şəkildə işıqlandırılıb və izlərin 3D modelləri artıq ictimaiyyətə təqdim olunub. Gələcəkdə bu izlər Oksford Universitetinin Təbiət Tarixi Muzeyində sərgilənəcək.
Bu “dinozavr yolu” elmi cəmiyyət tərəfindən indiyədək Britaniyada tapılmış ən böyük və ən yaxşı qorunmuş ayaq izi sahəsi kimi qiymətləndirilir.
Mənbə: news.com.au
Tərcümə etdi: İlhamə Nurəhmədova
