Avropada yayı bürüyən kəskin istilik dalğalarına baxmayaraq, seçicilər arasında iqlim dəyişikliyi ilə mübarizəyə dəstək zəifləməkdə davam edir. Son həftələrdə Avropa və Şimali Amerikada baş verən istilik dalğaları, yanğınlar və rekord temperatur göstəriciləri yaşıl təşkilatların təcili tədbirlərə çağırışını gücləndirsə də, hökumətlər iqlim siyasətini geri çəkir, sağçı populist partiyalar isə yaşıl qanunvericiliyə qarşı çıxışlarını artırırlar.
İngiltərənin Stanford-le-Hope şəhərində yaşayan təqaüdçü Culi deyir ki, iqlim dəyişikliyi gənclər üçün problem yaradır, lakin özü üçün narahat deyil. "Hər şey kimi, bu da çox gecdir". deyə bildirir. Onun düşüncəsi, araşdırmalara görə, ölkə üzrə ümumi əhval-ruhiyyəni əks etdirir: insanlar isti havadan narahatdır, lakin iqlim dəyişikliyi siyasətinə dəstək azalır.
İyunun sonlarında keçirilən sorğular göstərir ki, britaniyalıların əksəriyyəti son istiləri çox yüksək hesab edir və iqlim dəyişikliyini məsul bilir. Lakin bu mövzuda narahatlıq keçən ilə nisbətən azalıb – 68%-dən 60%-ə düşüb. 2050-ci ilə qədər sıfır karbon emissiyası hədəfinə dəstək isə 62%-dən 46%-ə enib.
Analitik Ed Hodgson qeyd edir ki, iqlim məsələləri artıq insanların gündəlik prioritetləri sırasında geri plana düşüb. Əvvəllər iqlim məsələsi ilk üçlükdə yer alırdısa, indi yaşayış xərcləri, səhiyyə və miqrasiya kimi məsələlər önə keçir.
İqlim siyasətinə qarşı olan Reform UK kimi sağçı partiyalar seçicilər arasında dəstəyini artırır. Onlar neft və qaz ehtiyatlarının açılmasını, sıfır emissiya hədəflərinin ləğvini təklif edir və hətta daşqınlara məruz qalan ərazilərdə də böyük dəstək qazanırlar.
Oxşar tendensiyalar Almaniya, İspaniya, Fransa və İtaliyada da müşahidə olunur. Almaniyada AfD partiyası istiliyi keçmiş illərlə müqayisə edərək iqlim dəyişikliyinin şübhəli olduğunu iddia edir. Fransada isə Milli Birlik lideri Marin Le Pen yeni külək və günəş enerjisi layihələrinin dayandırılmasını təklif edib və bunun əvəzində geniş kondisioner proqramı tələb edib.
Ekoloji fəallar isə bu siyasətlərin “elmi inkar etmənin” yeni mərhələsi olduğunu deyirlər. Onların fikrincə, sağ partiyalar iqlim dəyişikliyini qəbul etsələr də, həll yollarına qarşı mübarizə aparır və beləliklə dəstəyi zəiflədirlər.
Fridays for Future hərəkatının fəalı Luisa Neubauer bildirir ki, bu bir “dil müharibəsi” və “həqiqət uğrunda müharibə”dir. Onun fikrincə, çox az insan bu təbliğata qarşı çıxır və siyasi mübarizədə üstünlük sağçıların əlindədir.
Bütün bunlar Avropada iqlim siyasətinə dəstəyin zəifləməsi, ictimai narahatlığın azalması və sağçıların iqlim narrativini ələ keçirməsi fonunda baş verir. Nəticədə, iqlim dəyişiklikləri artan təhlükə yaratsa da, siyasi səviyyədə tədbirlərin sürəti zəif qalır.
Mənbə:The Guardian
Tərcümə etdi:Rəna Qarayeva
