Ekol TV-nin müxbiri Çağdaş Evren Şənlikin xüsusi məlumatına əsasən, tanınmış DJ və aranjor Ozan Doğulu sosial şəbəkələrdə qarşılaşdığı saxta investisiya reklamına inanaraq dələduzların toruna düşüb. Nəticədə sənətçi 12 milyon lirə məbləğində maddi zərər çəkib.

Yüzlərlə hit mahnının müəllifi olan məşhur DJ və musiqi prodüseri Ozan Doğulu sosial media platformasında rast gəldiyi "forex investisiyası" reklamına aldanaraq əlaqəyə keçib. Etimadını qazanan dələduzlar Doğuludan sərmayə adı altında milyonlarla lirə alıblar. Cəmi 12 milyon lirə müxtəlif xarici birjalara köçürülüb.
Vəziyyətdən xəbərdar olan kimi polisə müraciət edən Doğulunun şikayəti əsasında məsələ ilə bağlı araşdırmalara başlanılıb. İlkin təhqiqat nəticələrinə əsasən, vəsaitin beş müxtəlif xarici birjada yerləşdirildiyi müəyyən edilib.
Kiber cinayətlərlə mübarizə şöbəsi dələduzların izinə düşərək onların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat həyata keçirməyə başlayıb.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
