Bu gün:

Avropa İttifaqı beynəlxalq hüququ tapdalamaq riski ilə üz-üzədir


Avropa İttifaqı İsraillə imzaladığı razılaşmasına görə, Fələstinlilərin hüquqlarını tapdalamaq və beynəlxalq hüququ pozmaq riski ilə üz-üzədir.

Global Witness təşkilatının The Guardian-la paylaşdığı hesabatda qeyd olunur ki, Aİ 2022-ci ildə bağlanmış enerji sazişi ilə beynəlxalq hüququn pozulmasında şərik ola bilər. Söhbət İsraildən Avropaya qaz nəql edən və Qəzza sahilinə paralel keçən Şərqi Aralıq dənizi qaz boru kəməri olan EMG-dən gedir.

Təşkilat Aİ-ni bu boru kəməri ilə bağlı bütün qaz idxallarını dayandırmağa və Misirlə birlikdə imzalanmış enerji razılaşmasını ləğv etməyə çağırır.

2022-ci ilin iyun ayında Avropa Komissiyası İsrail və Misirlə birlikdə təbii qazın sabit şəkildə Aİ-yə çatdırılması məqsədilə Anlaşma Memorandumu imzalayıb. Bu sənəd Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bir neçə ay sonra, Aİ-nin enerji təchizatında alternativ mənbələr axtardığı dövrdə imzalanıb.

Razılaşma ötən ay avtomatik olaraq yenilənib, lakin onun hüquqi nəticələri və boru kəmərinin Qəzza sahil xətti boyunca keçməsi ilə bağlı suallar cavabsız qalıb.

EMG boru kəməri İsrailin Aşkelon şəhərindən Misirin Əriş şəhərinə qədər 90 kilometr boyunca uzanır. Bu kəmər vasitəsilə İsrail qazı Misirə ötürülür, orada mayeləşdirilərək Avropaya ixrac olunur.

Avropa Komissiyası son hesabatlarında İsrailin Qəzzadakı müharibə və İordan çayının qərb sahilindəki məskunlaşmalar səbəbilə insan hüquqlarına dair öhdəliklərini pozduğuna dair “göstəricilərin” olduğunu bildirsə də, enerji sahəsindəki əlaqələrə ciddi diqqət yetirilmədiyi vurğulanır.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et