Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) "Pəncə-Kilit" əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama zamanı metan qazına məruz qalan əsgərlərdən daha dördünün şəhid olduğunu açıqlayıb. Bununla da şəhid olan hərbi qulluqçuların ümumi sayı 12-yə yüksəlib.
Nazirliyin 7 iyulda sosial media hesabında yaydığı məlumata görə, 6 iyul 2025-ci il tarixində Pençe-Kilit əməliyyatı çərçivəsində 852-ci təpədə separatçı terrorçuların istifadə etdiyi mağarada həyata keçirilən əməliyyat zamanı metan qazının təsiri nəticəsində daha dörd əsgər həyatını itirib.
Milli Müdafiə naziri Yaşar Gülər, bölgədə araşdırmalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün Türk Silahlı Qüvvələrinin komandanlıq heyəti ilə birlikdə hadisə yerinə gedib. Nazir şəhidlərə Allahdan rəhmət diləyərək, onların ailələrinə, Türk Silahlı Qüvvələrinə və bütün millətə başsağlığı verib, yaralılara isə şəfa arzulayıb.
Mənbə: TRT Xəbər
Tərcümə etdi: Asiman Vəliyeva
