24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğludur. O, Report Media Məktəbində təlimlərdə olan əvvəlki jurnalistlərlə indikilər arasında olan fərqlərdən danışıb.

-Siz Report Media Məktəbinin rəhbərisiniz. Hər il orada onlarla jurnalist yetişir. Bəs hazırkı jurnalistlərin 10 il əvvəlki jurnalistlərdən fərqi nədir və jurnalistikanın hansı sahələrinə maraq daha çoxdur?
Bu gün təlimə gələn gənc jurnalistləri 10 il öncəki jurnalist nəsli ilə müqayisə edəsi olsaq, xeyli dəyişikliyi müşahidə edirik. Bu gün jurnalistikaya gələnlər 2000-ci ildən bu yana anadan olanlardır, yəni onlara Z nəsli deyilir. Bu gənclər internet dövründə böyüyüb başa çatıblar. Bu da onları fərqləndirir, yəni hansısa problem barədə düşünmək, həll yolu axtarmaq əvəzinə cavabı axtarış sistemində axtarmağa üstünlük verirlər. Bu günün gənc jurnalisti Azərbaycan mühitindən çox uzaq düşüb, sosial mediada zaman keçirir, sosial media stereotiplərinə uyğun hərəkət edir. Şəbəkədə nə yayılıbsa, ona uyğun hərəkət edir. O, yazı yazmaq vərdişini xeyli itirib, bunu təlim prosesində bərpa etməli oluruq. Oxuduğu kitabların sırasında dünya ədəbiyyatına daha çox üstünlük verir. Söz ehtiyatı az, dildə ifadə etdiyi "varvarizmlər" isə daha çoxdur. Gənc jurnalistlər, xüsusilə də, xanımlar, ənənəvi olaraq televiziyaya üstünlük verirlər. Hər iki nəfərdən biri televizora çıxmağı arzulayır. Özü də teleməkana can atanların bir çoxu heç televizoru izləmir. Xəbər hazırlamağa, xəbərçiliyə maraq artıb. Ənənəvi olaraq iqtisadiyyat, idman, multimedia, siyasət gəncləri cəlb edir. Xarici dili yaxşı bilən jurnalistlər dünya xəbərləri ötürməkdə maraqlıdırlar.
24Media.az xatırladır ki, Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi jurnalistikaya həvəsi olanların bu sahə üzrə bacarıqlarının təmin edilməsidir.
Gülay Orucova
