İsrail bazar günü Qətərdə HƏMAS-la aparılacaq danışıqlara nümayəndə heyəti göndərmək qərarına gəlib. Danışıqların əsas mövzusu Qəzzada atəşkəs və girovların azad olunması ilə bağlı son təklifdir.
Baş nazir Benyamin Netanyahu-nun ofisi bildirib ki, Qətər, ABŞ və Misirdən olan vasitəçilərin təqdim etdiyi plana HƏMAS-ın “qəbuledilməz” dəyişikliklər etmək istəməsinə baxmayaraq, İsrail danışıqlara qatılmaq üçün dəvəti qəbul edib.
HƏMAS cümə gecəsi 60 günlük atəşkəslə bağlı təklifə “müsbət cavab” verdiyini açıqlayıb və danışıqlara hazır olduğunu bildirib. Lakin bir fələstinli rəsmisi HƏMAS-ın müəyyən düzəlişlər istədiyini, xüsusilə daimi atəşkəslə bağlı danışıqlar uğursuz olarsa, döyüşlərin yenidən başlamayacağına dair təminat tələb etdiyini qeyd edib.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
