İspaniya Baş naziri Pedro Sançezin korrupsiya qalmaqallarından sonra iqtidarda olan Sosialist İşçi Partiyasını (PSOE) yenidən təşkil etmək səyləri ciddi zərbə alıb. Bu, partiya rəsmilərindən birinin cinsi təcavüz iddiaları səbəbilə istefa verməsi fonunda baş verib.
Baş nazir bu həftəsonu keçiriləcək PSOE-nin federal komitəsinin iclası vasitəsilə partiyanı son həftələrdə baş verən etik və korrupsiya qalmaqallarının təsirindən çıxarmağa ümid edirdi. Bu qalmaqallar partiyanın yeddi il əvvəl verdiyi dürüstlük və şəffaflıq vədlərini kölgə altına alıb.
Lakin ümidlər cümə gecəsi onlayn “elDiario” qəzetinin bir neçə qadın partiya işçisinin Fransisko Salazar tərəfindən cinsi təcavüzə məruz qalması ilə bağlı iddialarını yayımlamasından sonra alt-üst olub. Salazar Monklou sarayında – baş nazirin ofisi və rəsmi iqamətgahında – institusional əlaqələrin koordinasiyasına cavabdeh idi.
İddialardan sonra Salazar şənbə günü həm bu postdan, həm də PSOE-nin təşkilati katibliyindəki yeni vəzifəsindən istefa verdiyini açıqlayıb. O, elDiario-ya bildirib ki, heç bir qeyri-etik davranışı xatırlamır: “Başımı çatladacaq qədər düşündüm, amma ağlıma heç bir konkret hadisə gəlmir. Bəlkə də, hansısa iş yoldaşıma uyğun olmayan bir söz demişəm, bilmirəm”.
Madridin Monklou sarayındakı mənbələr istintaq başladıldığını təsdiqləsə də, Salazar haqqında rəsmi şikayətin daxil olmadığını qeyd ediblər.
Pedro Sançez şənbə günü bir daha üzr istəyərək düzgün olmayan insanlara etibar etdiyini etiraf edib: “Mən etibarımı layiq olmayan adamlara verdim, bu yanlışdır. Amma demokratik yenilənmə dövründə biz geri çəkilməyəcəyik”.
Artmaqda olan təzyiqlərə baxmayaraq, Sançez növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışlara cavab olaraq istefa vermək niyyətində olmadığını bildirib: “Kapitan dənizdə fırtına olanda məsuliyyətdən qaçmaz – sükanı buraxmaz, gəmini limana qədər aparar”.
Salazarın istefası baş nazirin nüfuzuna və qərarlarına daha bir zərbə kimi qiymətləndirilir.
Əlavə zərbə isə bazar ertəsi günü gəlib. Sançezin sağ əli sayılan və PSOE-nin təşkilati katibi olan Santos Serdan Ali Məhkəmənin qərarı ilə həbs edilib. Səbəb isə dövlət tikinti müqavilələrindən rüşvət alınmasına dair “möhkəm sübutların” aşkarlanmasıdır.
İstintaq Mülki Qvardiyanın korrupsiyaya qarşı bölməsinin məhkəməyə təqdim etdiyi materiallardan sonra başlanıb. Sənədlərdən məlum olub ki, Serdan keçmiş nəqliyyat naziri Xose Luis Abalos və onun müşaviri Koldo Qarsia ilə birlikdə dövlət layihələrindən rüşvət almağı müzakirə edib. Həm Abalos, həm də Qarsia bu ittihamları rədd ediblər və istintaq altındadırlar.
Serdan artıq partiyadakı və parlamentdəki vəzifələrindən istefa verib və adını təmizləməyə çalışacağını bildirib.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
