Qan qruplarının hələ də tam şəkildə öyrənilməyən və izah olunmayan sirləri olduğu ortaya çıxıb. Fransız tədqiqatçılar bu günə qədər yalnız bir insanda — Qvadelupa adasından olan bir qadında müşahidə edilən yeni qan qrupunu müəyyən ediblər. Bu kəşf hematologiya sahəsində əlamətdar irəliləyiş kimi qiymətləndirilir.
Yeni müəyyən edilən qan qrupu “Gwada mənfi” (ing. Gwada negative) adlandırılıb və yalnız sözügedən qadına məxsusdur. Tədqiqatçılara görə, bu gün dünyada həmin qan qrupu ilə uyğunluq göstərə biləcək yeganə şəxs məhz həmin qadının özüdür.
Hər şey 2011-ci ildə Parisdə yaşayan, 54 yaşlı bir qadının planlaşdırılan cərrahiyyə əməliyyatı öncəsi aparılan rutin qan analizləri zamanı başlayıb. Onun qanında elmə məlum olmayan və son dərəcə qeyri-adi bir antikor aşkarlanıb. O dövrün elmi və texnoloji imkanları bu fenomenin səbəbini izah etmək üçün kifayət etmədiyindən, araşdırmalar dayandırılıb və nümunə uzun illər arxivdə saxlanılıb.
2019-cu ildə elmdəki texnoloji inkişaflar nəticəsində bu qeyri-adi qan nümunəsi yenidən tədqiq olunmağa başlanılıb. Alimlər yüksək sürətli DNT ardıcıllığının təyini texnologiyasından istifadə edərək qan hüceyrələrindəki fərqlilikləri daha dəqiq müəyyən edə biliblər. Ətraflı genetik analiz nəticəsində məlum olub ki, qadının PIGZ adlı genində mutasiya baş verib. Bu mutasiya qan hüceyrələrinin səthindəki zülalların yerləşmə tərzini dəyişdirir və bu xüsusiyyət əvvəllər tanınan heç bir qan qrupuna uyğun gəlmir.
Bu nadir qan qrupuna, qadının doğulduğu Guadeloupe adasının yerli adından ilhamlanaraq “Gwada mənfi” adı verilib. Alimlər bu adın həm mənalı, həm də müxtəlif dillərdə asan tələffüz oluna bildiyini bildiriblər. Maraqlı cəhət odur ki, bu qan qrupunun daşıyıcısı yalnız öz qanını qəbul edə bilir. Hazırda dünyada onunla qan uyğunluğu olan ikinci bir insan mövcud deyil.
Əksər insanlar qan qruplarını sadəcə A, B, AB və ya 0 kimi tanıyır. Halbuki, dünya üzrə onlarla fərqli qan qrupu sistemi mövcuddur. Beynəlxalq Qan Transfuziyası Cəmiyyəti (ISBT) bu günə qədər 47 fərqli qan qrupu sistemini təsdiqləyib. “Gwada mənfi” qan qrupu ilə bu say 48-ə yüksəlib.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
