Dünyada temperatur rekordlar qırdığı üçün ABŞ və Avropanın müxtəlif yerlərində meşə yanğınları davam edir. Həddindən artıq isti dalğasının törətdiyi yanğınlar bir çox ölkədə həyata mənfi təsir göstərir. Yanğınlarla mübarizə üçün qruplar səfərbər olunub.
Qlobal istiləşmə və həddindən artıq isti dalğaları xüsusilə ABŞ və Avropada meşə yanğınlarını artırıb. Bir çox ölkə yanğınlara qarşı sərt mübarizə apararkən bəzi bölgələrdə təxliyə davam edir. Türkiyə ilə yanaşı Yunanıstan, Almaniya, İngiltərə və Albaniyada baş verən yanğınlar təbii fəlakətlə mübarizə qrupları və mülki müdafiə birliklərini səfərbər edib.
Yunanıstanın paytaxtı Afinaya yaxın Koropi bölgəsində baş verən yanğın yaşayış məntəqələrinə də keçib. Güclü külək yanğınsöndürənlərin yanğına müdaxiləsini çətinləşdirsə də ehtiyat tədbiri olaraq ərazidə yaşayan sakinlər təxliyə edilib. Yunanıstanın Mülki Müdafiə Nazirliyi təcili xəbərdarlıq mesajları göndərərək insanları ərazidən uzaqlaşdırmağa çalışıb.
Almaniyanın şərqindəki Saksoniya və Türingiya əyalətlərində davam edən böyük meşə yanğınları bölgədəki həyatı təhlükə altına alır. Saksoniyanın Zeythain və Wülknitz bələdiyyələri, eləcə də Qrödits şəhəri yanğınlarla əlaqədar olaraq fəlakət xəbərdarlığı edib. Yanğınların söndürülməsi üçün mindən çox təcili yardım işçisi və könüllü çalışır. Almaniya Silahlı Qüvvələri əlavə helikopterlərlə yanğınsöndürmə işlərinə kömək edir.
Avropa İttifaqı meşə yanğınları ilə mübarizədə Mülki Müdafiə Mexanizmini işə salıb. Avropanın 14 ölkəsindən 650 yanğınsöndürən strateji cəhətdən yüksək riskli ərazilərdə yerləşdirilib. Bundan əlavə riskli ərazilərə effektiv müdaxilə üçün 22 yanğınsöndürən təyyarə və 4 helikopter cəlb edilib.
ABŞ-nin Kaliforniya ştatında başlayan meşə yanğını 22 min hektardan çox ərazini əhatə edib. Yanğın xüsusilə kənd yerlərini əhatə edir, bəzi təsərrüfatlar və yaşayış sahələri təhlükə altındadır. 208 nəfər təxliyə edilərkən yanğının nəzarət altına alınması üçün böyük işlər görülür.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
