Rusiya ilə Azərbaycan arasında diplomatik gərginlik yeni mərhələyə keçib. Son hadisələr fonunda tərəflər bir-birinə qarşı kəskin ittihamlarla çıxış edir.
İyun ayında Rusiyanın Yekaterinburq şəhərində aparılan əməliyyat zamanı iki azərbaycanlı qardaşın polis tərəfindən saxlanıldıqdan sonra həlak olması Bakı ilə Moskva arasında son illərin ən ciddi diplomatik böhranlarından birini yaradıb.
Azərbaycan tərəfi vətəndaşlarının ölümünə görə məsul şəxslərin cəzalandırılmasını tələb edib. 2 iyulda Rusiyanın Bakıda yerləşən səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya hüquq-mühafizə orqanlarının hərəkətlərinə etiraz bildirilib. Nazirlikdən yayılan bəyanatda Rusiya polisi “qanunsuz fəaliyyətlərdə” ittiham olunub və Moskva ikitərəfli münasibətləri pozmaqda təqsirləndirilib.
Rusiya tərəfi isə məsələyə cavab olaraq, adı açıqlanmayan “müəyyən qüvvələrin” iki ölkə arasındakı münasibətləri pozmağa çalışdığını bildirib və Bakıdan vəziyyətin normallaşdırılması üçün dialoqa çağırıb.
Hadisənin başlanğıcı kimi göstərilən insidentdə Rusiya rəsmiləri qardaşlardan birinin ürək tutmasından öldüyünü iddia etsə də, digərinin ölüm səbəbi barədə açıqlama verilməyib. Azərbaycan isə hər iki şəxsin işgəncə nəticəsində döyülərək öldürüldüyünü bildirir. Xarici İşlər Nazirliyi qurbanların cəsədlərində ciddi zorakılıq izlərinin olduğunu və bu faktların Rusiya tərəfinin açıqlamaları ilə ziddiyyət təşkil etdiyini bəyan edib.
Gərginlik fonunda əlavə olaraq, Bakıda Rusiya dövlət mediasının əməkdaşlarından biri saxtakarlıq ittihamı ilə, daha 15 Rusiya vətəndaşı isə narkotik qaçaqmalçılığı və kibercinayətlər şübhəsi ilə həbs olunub. Saxlanılan jurnalistin Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəli olduğu iddia edilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə son açıqlamasında Moskvanın Azərbaycanla illərdir qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurduğunu vurğulayıb, lakin “məlum olmayan qüvvələrin” bu vəziyyətdən sui-istifadə etdiyini qeyd edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
