Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə mübarizə havadan və qurudan fasiləsiz şəkildə davam etdirilir. Güclü külək yanğınların sürətlə yayılmasına səbəb olur və söndürmə işlərini çətinləşdirir.
Hazırda İzmirin Çeşmə və Ödəmış, Mersinin Gülnar və Mut rayonları, eləcə də İstanbulun Silivri rayonundakı yanğınlara qarşı intensiv müdaxilə həyata keçirilir.
Xüsusilə, Çeşmə rayonunun Ildır məhəlləsində dünən başlayan və gecə boyu qurudan söndürülməyə çalışılan yanğına bu gün də həm havadan, həm də yerüstü qruplar tərəfindən müdaxilə edilir. Əraziyə 2 təyyarə, 6 helikopter və çoxsaylı yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının genişlənmə riski səbəbilə Çeşmənin Ildır və Germiyan məhəllələri, eləcə də Urlaya bağlı Nohutalan məhəlləsi ehtiyat tədbiri olaraq təxliyə edilib.
Rəsmilər vəziyyətin nəzarət altına alınması üçün səylərin davam etdiyini bildirirlər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiman Vəliyeva
